Transparency.az Mərkəzi Bankın 29 dekabr 2015-ci ildə qəbul etdiyi, 6 yanvar 2016-cı ildə qüvvəyə minmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları”nı oxucuların diqqətinə çatdırır (Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları).
Qaydaların “Ümumi müddəalar” bölümündə qeyd olunur ki, mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır, Mərkəzi Bankın verdiyi icazə əsasında fəaliyyət göstərir. Qaydaların əməliyyatların aparılması və uçotuna, məzənnənin müəyyən edilməsinə, əməliyyat gününün başa çatdırılmasına dair tələbləri bankın, bankın filial və şöbələrinin, xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində aparılan mübadilə əməliyyatlarına da şamil edilir.
Sənədin “Əməliyyatların aparılması” bölümünə əsasən, mübadilə şöbələrində bu əməliyyatlar həyata keçirilir:
– nağd xarici valyutanın nağd manatla alınması və satılması;
– xarici valyutada yol çeklərinin nağd manatla və nağd xarici valyuta ilə alınması və satılması;
– bir xarici dövlətin nağd valyutasının digər xarici dövlətin nağd valyutası ilə alınması və satılması;
– xarici dövlətin pul nişanlarının həmin xarici dövlətin başqa pul nişanlarına dəyişdirilməsi;
– pos-terminal vasitəsilə müştərilərə nağd pulun verilməsi;
– nağd xarici valyutanın həqiqiliyin yoxlanılması üçün ekspertizaya qəbul edilməsi.
Qaydaya görə, bankın əmri ilə mübadilə şöbələrinə milli və xarici valyutada avansın məbləği üzrə limit təyin edilir. Avanslar bankda müəyyən edilmiş limit həcmində şöbəyə əməliyyat günü müddətinə verilir. Mübadilə şöbəsində bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. Əməliyyat günü ərzində xarici valyuta və ya manat vəsaitləri qurtardığı hallar istisna olmaqla mübadilə şöbəsində yalnız alış və ya yalnız satış əməliyyatlarının aparılmasına yol verilmir.
Qaydanın “Məzənnənin müəyyən edilməsi” bölümünə əsasən, nağd xarici valyutanın alış və satış məzənnələri banklarda müstəqil şəkildə təyin edilir. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər.