2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat təsdiq edilib. Ötən il dekabrın 30-da dövlət başçısı Zirədə sakinlərlə görüşdə 2016-cı ilin əvvəlində dövlət büdcəsinə yenidən baxmaq zərurətinin olduğunu bildirib. Prezidentin bəyanatından sonra mövzunun aktuallaşdığını yazan iqtisadçı ekspert Rövşən Ağayev hökumət hansı halda böhran büdcəsi hazırlamağa vadar ola bilər sualına cavab axtarıb.
Transparency.az-ın məlumatına görə, Rövşən Ağayev yazır ki, maliyyə ilinin başlanğıcındaca manatın təxminən 50%-lik devalvasiyası sayəsində 14,5 milyard manat büdcə gəlirinin toplanması hökumət üçün problem olmamalıdır: “Söhbət nədən gedir? 2016-cı ildə Neft Fondundan büdcəyə 6 milyard manatın cəlbi gözlənir. Bu, köhnə məzənnə (1 dollar=1,05 manat) əsasında hesablanıb və 5,7 milyard dollara bərabərdir. Doğrudur, bu məbləğin formalaşması üçün neftin orta illik qiyməti 50 dolar olmalıdır. Lakin təsəvvür edək ki, neftin orta illik qiyməti 35 dollar olur. Bu halda Neft Fondunun büdcəsi proqnozlaşdırılan 6,3 milyard dollar yox, təxminən 4,5 milyard dollar olacaq. Axırıncı devalvasiyadan sonra isə fondun büdcəyə transferi 5,7 milyard dollar deyil, 3,9 milyard dollar olacaq. Bu o deməkdir ki, neftin orta illik qiyməti 35 dollardan aşağı olmazsa, devalvasiya sayəsində Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəliklərinin icrasında problem olmayacaq.
500 milyon manat isə xarici neft şirkətlərinin vergi öhdəlikləridir. Onların qazancı neftlə olduğu üçün Neft Fondu ilə bağlı hesablamalar xarici konsorsiuma keçərlidir. Köhnə məzənnə ilə hesablandığı üçün 500 milyon manatın 476 milyon dolların ekvivalenti olduğu nəzərə alınsa, yeni məzənnə ilə bu, 735 milyon manata bərabərdir. Yəni 35 dollarlıq qiymət ssenarisi üçün belə xarici neft şirkətlərinin büdcə öhdəliklərində ciddi problem görünmür.
Gömrük Komitəsinin də öhdəlikləri valyuta dövriyyəsinə bağlıdır. Çünki bütün ödənişlər idxala tətbiq edilir. Burda da ciddi kənarlaşmanın olacağı real görünmür. Hətta problem olsa belə, gizli idxalın leqallaşması sayəsində Gömrük Komitəsi öz öhdəliklərini yerinə yetirə bilər.
Bir sözlə, 14,5 milyard manat büdcə gəlirinin 8 milyard manatı bilavasitə valyuta gəlirlərinə bağlıdır və bu seqmentdə ciddi kəsirin yaranması yalnız neftin qiymətinin 35 dollardan aşağı olduğu təqdirdə baş verəcək”.
Yerdə qalan 6,5 milyard manata gəldikdə, ekspert bu məbləğin də büdcəyə çatdırılmasında problem yaşanmayacağına əminlik ifadə edir: “Bu, SOCAR və Vergi Nazirliyinin öhdəliyidir. SOCAR-ın yükü təxminən 1,3 milyard manatdır: ötən ildəkindən 200 milyon manat az. Bu şirkətin gəlirlərinin azı 70%-nin daxili bazarda formalaşdığını, daxili qiymətlərin isə sabit olduğunu nəzərə alsaq, SOCAR da vergi öhdəliyini yerinə yetirməkdə problem hiss etməməlidir.
Vergilər Nazirliyinin üzərində qalan 5,2 milyard manat öhdəliyə gəldikdə, devalvasiya nəticəsində gündəlik tələbat mallarının satış dövriyyəsinin 40-45% böyüdüyü şəraitdə Vergilər Nazirliyinin bu proqnozu icra edə bilməyəcəyi real görünmür. Xüsusilə nəzərə alanda ki, dövriyyə vergilərindən daxilolmalar bu gəlirlərin azı yarısını təşkil edir.
Bir sözlə, manatın son devalvasiyası hazırkı gəlir proqnozları çərçivəsində istər Neft Fondunu, istərsə dövlət büdcəsini sığortalayıb. Neftin 35 dollardan aşağı düşməsi hökuməti böhran büdcəsi hazırlamağa vadar edəcək. Hərçənd ölkə böhranın tam ortasında olsa da, hökumət bunu etiraf etmir”.