Baş nazirin müavini iki sosial istiqamətdə planlardan danışıb
Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində sığorta-pensiya sistemindəki islahatlar mövzusuna toxunub: “Bütün dünyada sığorta-pensiya sistemi öz həssaslığı və əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahələrindən sayılır. Bu gün Azərbaycanda təxminən 1 milyon 300 minə yaxın pensiyaçı var. Prezident İlham Əliyevin bilavasitə tapşırığı əsasında pensiya-sığorta sisteminin daha da təkmilləşdirilməsi, insanlarımıza ahıl yaşlarında layiqli həyatın təmin edilməsi ilə əlaqədar lazım olan tədbirlərin görülməsi istiqamətində çox ciddi iş aparır. Bu istiqamətdə islahatlar həyata keçirilməkdədir. Müəyyən bir konsepsiya formalaşıb və bu konsepsiyanın məqsədi ondan ibarətdir ki, Azərbaycanda çox dayanıqlı, etibarlı, müasir tələblərə cavab verən və eyni zamanda bizi qarşıda gözləyən çağırışlara cavab verən sığorta-pensiya sistemi yaradılsın.
Azərbaycan pensiya-sığorta sisteminin səmərəli fəaliyyəti ilə əlaqədar hər hansı bir ciddi çətinliklə üzləşməyib. İstər pensiyaların vaxtında ödənilməsi, istər pensiyaların maliyyə imkanlarına uyğun şəkildə artırılması sahəsində problem yaşanmayıb. Amma təbii, biz buna hazır olmalıyıq ki, insanlarımızın pensiya alan kateqoriyasının sayı artacaq, eyni zamanda pensiyaların da mütəmadi olaraq gələcəkdə artırılması kimi vacib məsələlər qarşıda duracaq. Çalışmalıyıq ki, bizim pensiya-sığorta sistemində həyata keçirdiyimiz islahatlar bu çağırışlara layiqincə və vaxtında cavab verə bilsin”.
Baş nazirin müavini əlilliyin təyinatı ilə bağlı yeni qaydalar barədə suala cavabında belə deyib: “Azərbaycanda əhalinin təxminən 6 faizə yaxını əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib. 570 min bu kateqoriyaya aid olan insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalan isə 18 yaşı olmayan, fiziki qüsurları olan Azərbaycan vətəndaşlarıdır. Beləliklə, böyük bir kütlə, 500 min insan ya pensiya, ya da əlilliyə görə müavinətlər alır. Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir. Belə çıxır ki, Azərbaycanda pensiya alan 1 milyon 300 minə yaxın vətəndaşın 370 mini əlilliyə görə əmək pensiyası alanlardır. Bu az rəqəm deyil. Azərbaycanda mövcud olan qanunvericiliyə görə, əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər mövcuddur və Azərbaycan vətəndaşları bu güzəştlərdən istifadə edirlər.
Amma təbii, narahatedici məqamlar da var və bu ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən insanların öz fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə halları mümkünsüz edilsin. İndinin özündə bu istiqamətdə vacib olan işlər görülür. Bu sahədə atılan addımlardan biri əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bilavasitə əlaqədardır. Güman edirəm ki, yaxın zamanlarda görülən tədbirlər, normativ-hüquqi aktların yeniləşdirilməsi, bəzi qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində haqqında söhbət etdiyimiz neqativ məqamlar aradan qalxacaq. Dünya ölkələrinin əksəriyyətində əlilliyə bilavasitə vaxtından tez pensiyaya çıxmaq hüququnun əldə edilməsi şansı kimi baxılması geniş yayılmış praktika deyil. Çalışmaq lazımdır ki, insanların sağlamlığı özünə qaytarılsın, insanlar cəmiyyətin bütün parametlərinə görə tamhüquqlu üzvü olsunlar, onlar işdən ayrılmasınlar, əgər azacıq fiziki qüsurları varsa və yaxud bəzi hallarda müəyyən qədər ciddi qüsurları varsa, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın.
Çox vacibdir ki, insan özünü cəmiyyətdə lazımlı bir vətəndaş kimi dərk etsin və öz imkanlarını cəmiyyətə təqdim edə bilsin. Bu baxımdan əlilliklə əlaqədar iki əsas və bir-biri ilə sıx bağlı vəzifə həyata keçirilməlidir. Bunlardan birincisi bu və ya digər səbəblərlə əlaqədar fiziki sağlamlığını itirmiş insanların sağlamlığının bərpa edilməsi, ikincisi onların sosial təminatının təmin edilməsidir. İnsanın reabilitasiyası yolu ilə sağlam həyata qaytarılması mümkün olmadıqda onun sosial təminatının bütövlükdə dövlətin üzərinə götürülməsi haqqında düşünmək olar. Haqqında söhbət etdiyimiz problemə düzgün yanaşmanı mən belə təsəvvür edirəm. Həyata keçirilən təkmilləşmələrin əsas məqsədi məhz bundan ibarət olmalıdır. Belə sağlam və dəqiq bir mexanizm hazırlandığı halda əlilliyin həm müəyyən edilməsi, həm də təyin edilməsi ilə bağlı o qədər də şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq və bu proses də tam şəffaf şəkildə həyata keçiriləcək”.
Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi haqqında da danışaraq qeyd edib ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyi fəaliyyətə başlayandan sonra mövcud qanunvericiliyin indiki reallıqlara nə dərəcədə uyğun gəlib-gəlmədiyi aydınlaşacaq: “Yalnız o zaman icbari tibbi sığorta haqqında qanunvericiliyə təkliflər irəli sürmək mümkündür. Mən də düşünürəm ki, 1999-cu ildə qəbul olunmuş qanuna müəyyən düzəlişlər etməyə ehtiyac yaranıb. Amma icbari tibbi sığorta praktikasını həyata keçirmədən həmin qanunda nəyi dəyişmək haqqında aydın təsəvvür formalaşdırmaq çox çətindir. Ona görə də müəyyən qədər gözləmək lazımdır ki, icbari tibbi sığorta fəaliyyətə başlasın, icbari tibbi sığorta münasibətləri tətbiq edilsin, bu xidmət vətəndaşlara praktiki olaraq göstərilsin. Bundan sonra qanunvericilikdə indiki real həyatımızla uyğun gəlməyən məqamlar ortaya çıxacaq, sonra da həmin məqamların aradan qaldırılması və müasirləşdirilməsi istiqamətində addımlar atılacaq. Güman edirəm ki, 2016-cı il Azərbaycanda icbari tibbi sığorta praktikasının həyata keçirilməsinin ən məsuliyyətli dövrü olacaq. Bu mərhələdə qurum formalaşacaq, onun fəaliyyət prinsipləri müəyyənləşəcək. Bır sıra pilot layihələr reallaşdırılacaq, Azərbaycana daha uyğun gələn sığorta modeli seçiləcək.
Azərbaycan dövləti vətəndaşlara səhiyyə xidmətinin göstərilməsi üçün Azərbaycanın maliyyə imkanlarının verdiyi dərəcədə öz yardımını edir. Amma icbari tibbi sığortanın tətbiqini zərurətə çevirən məqam ondan ibarətdir ki, yalnız dövlətin ayırdığı vəsait bizim istədiyimiz səviyyədə vətəndaşlara səhiyyə xidmətlərinin göstərilməsi üçün kifayət etmir. Bütün səhiyyə xərclərinin, bütün vətəndaşların sağlamlığının təmin olunması üçün lazım olan vəsaitlərin yükünü dövlətin üzərinə qoymaq haqsızlıq olardı. Vətəndaş da öz sağlamlığının təmin edilməsi üçün öz imkanları çərçivəsində sığorta münasibətlərinin formalaşmasına vəsait ödəməlidir. Bunun bir hissəsi işəgötürən tərəfindən, başqa bir qismi işləyənlər tərəfindən ola bilər. İcbari tibbi sığorta haqqının miqdarı işləyənlərlə işəgötürənlər arasında olan münasibətlər çərçivəsində öz həllini tapa bilər. Faizlər 2, 3, yaxud 5 faiz olacaqsa, hansı modeli götürəcəyiksə, təbii ki, reallıqlar nəzərə alınacaq. Bu, işləyənlərlə işəgötürənlər arasında razılıq əsasında olacaq. Nəticə etibarilə dövlətin səhiyyə xidmətinin maliyyələşdirilməsi üçün ayrılan vəsait vətəndaş və ya onun çalışdığı müəssisə tərəfindən ayrılan vəsaitlə birləşərək səhiyyə xidmətinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə xidmət etmiş olacaq.
Vətəndaşlarımız dərk etməlidirlər ki, hər bir insan öz sağlamlığının qayğısına qalmalıdır. İnsanın öz sağlamlığının qayğısına qalmasının bir yolu da icbari sığorta fonduna vəsaitin ayrılmasından ibarətdir. Güman edirəm ki, Azərbaycan vətəndaşları icbari tibbi sığorta praktikasının həyata keçirilməsinə başlandıqdan sonra bunun faydasını dərk edəcəklər. Əgər səhiyyə xidməti pulsuzdursa, bütün səhiyyə xidmətləri dövlət tərəfindən ödənilirsə, böyük maliyyə imkanları, yaxşı yaşayış səviyyəsi olan ailələrlə aşağı səviyyədə yaşayan ailələrin eyni dərəcədə pulsuz dövlət səhiyyəsinin imkanlarından istifadə etməsinin özündə ədalətsizlik məqamları var. Ən azından ona nail olmaq lazımdır ki, kimin imkanı varsa, bu və ya digər səbəblərdən xəstəxanalara müraciət etdikdə aldığı xidmətin haqqını ödəsin, kimin bu imkanı yoxdursa, ona dövlət vəsaitləri hesabına o xidmətlər göstərilsin. Güman edirəm ki, bu, ədalətli olar. İndiki halda fərq qoyulmur. İcbari tibbi sığorta münasibətləri formalaşandan sonra imkanı olanlar daha çox öz vəsaitləri hesabına tibbi xidmət alacaqlar, imkanı olmayanların – pensiyaçılar, əlillər və başqa kateqoriyadan olanların isə onlara göstərilən tibbi xidmətə görə ödəniş etmək imkanı yoxdursa, bu, dövlət tərəfindən həyata keçiriləcək. Beləliklə də həm tibbi xidmətin keyfiyyəti yüksələcək, həm də bu sahə də sosial ədalət fundamental əsasda öz həllini tapacaq”.