Hüquq müdafiəçisi, insan hüquqları üzrə işçi qrupun üzvü Novella Cəfəroğlu son əfv sərəncamından narazı qalıb.
Dekabrın 28-də prezident məhkum edilmiş bir sıra şəxslərin əfvi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, həbs cəzasına məhkum olunmuş 198 nəfər buraxılıb, 3 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 9 nəfər isə cərimə cəzasından azad olunub.
Novella Cəfəroğlu dekabrın 29-da Transparency.az-a deyib ki, 22 siyasi məhbusun adı olan siyahı prezidentdə təqdim edilmişdi: “Amma təəssüf ki, həmin şəxslərdən heç biri əfv edilənlər arasında yoxdur. Buna çox məyus oluram. Səylərimiz nəticəsiz qalsa da, işimiz bitməyib. Siyahıda adları yer alan siyasi məhbuslar azad olunana qədər əlimizdən gələni edəcəyik”.
2005-2008-ci illərdə problemli məhbusların işi üzrə işçi qrup fəaliyyət göstərib. Qrupda hökumət, parlament nümayəndələri və hüquq müdafiəçiləri təmsil olunub. 2014-cü ilin oktyabr ayında problemli məhbusların işi üzrə işçi qrup 6 illik fasilədən sonra bərpa edilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevlə Avropa Şurasının baş katibi Torbyorn Yaqland arasındakı razılaşma əsasında reallaşıb. İşçi qrupa Prezident Administrasiyasının, Konstitusiya Məhkəməsinin, Əfv Məsələləri Komissiyasının, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri, hüquq müdafiəçiləri daxildir.
Bu ilin oktyabr ayında Avropa Şurası qrupda iştirakını dayandırıb. Buna ölkədə insan haqları sahəsində vəziyyətin ümumilikdə pisləşməsi əsas gətirilib.
Dekabrın 24-də Milli Məclisdə toplaşan işçi qrup siyasi məhbus sayılan 22 nəfərin siyahısını prezidentdə təqdim etmək üçün razılaşdırmışdı.
Azərbaycanın və Qərbin bəzi hüquq müdafiə qurumları 80-dən çox şəxsi siyasi məhbus sayır. Siyahıda jurnalistlər və bloqçular Əbdül Əbilov, Nicat Əliyev, Pərviz Həşimli, Xədicə İsmayıl, Seymur Həzi, Araz Quliyev, Fərəc Kərimov, Hilal Məmmədov, Ömər Məmmədov, Rauf Mirqədirov, Rəşad Ramazanov, Tofiq Yaqublu, hüquq müdafiəçiləri Anar Məmmədli, Əliabbas Rüstəmov, Rəsul Cəfərov, İntiqam Əliyev, Taleh Xasməmmədov, gənc fəallar Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, İlkin Rüstəmzadə, müxalif siyasətçilər İlqar Məmmədov, Yadigar Sadıqov, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, keçmiş dövlət məmurları Əli İnsanov, Nicat Quliyev, Asif Lətifov, Akif Muradverdiyev, Nemət Pənahlı və başqaları var.