Müdafiə Nazirliyində akkreditə olunmuş kütləvi informasiya vasitələri nümayəndələrinin bir qrupuna akkreditə kartlarının təqdim olunması mərasimi keçirilib. Rəsmi məlumata görə, ilkin mərhələdə 10 KİV-dən təqdim edilən sənədlər əsasında 40-dan artıq media nümayəndəsi üçün akkreditə kartları hazırlanıb. Dekabrın 26-da keçirilən tədbirdə KİV nümayəndələrinə kartları müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev təqdim edib.
Jurnalistlərin cəbhə zonasında akkreditasiyası və cəbhə boyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydası bir neçə ay öncə açıqlanıb. Nazirlər Kabinetinin 14 avqust 2015-ci il qərarı ilə təsdiq edilən qaydaya əsasən, akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır.
Nümayəndələrinin akkreditə olunması üçün müraciət edən yerli KİV Müdafiə Nazirliyinə bu sənədləri təqdim edir: KİV rəhbərinin rəsmi müraciətini; təsisçi haqqında məlumatı; akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını; akkreditə olunacaq əməkdaşların 2 ədəd fotosunu; akkreditə olunacaq əməkdaşların şəxsiyyət vəsiqələrinin və xidməti vəsiqələrinin surətini; KİV orqanının ünvanı, əlaqə telefonları, internet saytı, elektron poçt ünvanı, rəhbərlərinin telefon nömrələri haqqında məlumatı.
Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan xarici KİV və daimi nümayəndəliyi olmayan, 15 gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələrinin akkreditə qaydaları da sənəddə yer alır.
Qaydaya əsasən, bu hallar akkreditədən imtina edilməsi üçün əsasdır: dövlətin bütövlüyünə, ölkənin təhlükəsizliyinə və ictimai asayişə ciddi zərbə vuran çağırışlar və ya informasiyalar, kütləvi iğtişaşlara çağırışlar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə), milli, dini, dil, irqi, sosial ədalətsizliyi, yaxud dözülməzliyi təbliğ etdikdə; mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, habelə akkreditə edən təşkilatın şərəf və ləyaqətini ləkələyən, yaxud onun haqqında yalan və qərəzli yazılar, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yaydıqda və bu, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edildikdə; KİV məhkəmənin qərarı ilə qərəzli yazılara görə son 1 (bir) il məsuliyyətə cəlb olunduqda; “Dövlət sirri haqqında” qanunun tələblərini yerinə yetirmədikdə; əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə; kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə son 1 (bir) il müddətində inzibati məsuliyyətə cəlb edildikdə; KİV-in xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanunazidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə.