Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü ilə bağlı aparılan danışıqlar nə yerdədir? Xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a və bir sıra digər informasiya agentliyinə 2015-ci ilin yekunları ilə bağlı müsahibəsində bu suala cavab verərkən deyib ki, Azərbaycanın DTT-yə üzv olması üçün çoxtərəfli danışıqlar davam etdirilir: “Azərbaycan üzrə DTT Katibliyində yaradılmış işçi qrupunun 1-ci iclası 2002-ci ildə Cenevrədə təşkil olunub. 2004-cü ildən işçi qrupunun iclasları ardıcıl olaraq keçirilir. Azərbaycanın DTT-yə üzvlüyü ilə bağlı sonuncu, 12-ci iclas 2015-ci il martın 6-da İsveçrənin Cenevrə şəhərində olub. İclasda ölkənin son sosial-iqtisadi göstəriciləri haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb. İşçi qrupunun 11-ci iclasından sonra bir sıra üzv ölkələrdən ünvanlanmış suallara Azərbaycan tərəfinin verdiyi cavablar müzakirə edilib. Həmçinin üzv ölkələr Azərbaycan üzrə işçi qrupunun hesabat layihəsinin bölmələrinə dair suallar verib və həmin suallar cavablandırılıb. Görüşün nəticəsi olaraq üzv ölkələr bir sıra sual və şərhlərini Azərbaycan tərəfinə ünvanlayıb, təkliflər verib və müvafiq sənədləri sorğu ediblər.
Çoxtərəfli danışıqlarla yanaşı Azərbaycan Respublikası DTT-yə üzv olma prosesində 19 dövlətlə ikitərəfli danışıqlar aparır. Danışıqlar zamanı Azərbaycanın əmtəə və xidmətlər bazarına çıxışına dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür. Beləliklə, Azərbaycanın DTT-yə üzv olma prosesi çərçivəsində ikitərəfli danışıqların başa çatdırılması haqqında imzaladığı protokolların sayı 5-ə çatıb. Qeyd etmək lazımdır ki, imzalanmış protokollarda Azərbaycanın maraqları tam təmin edilib. İkitərəfli müraciətlər əsasında mütəmadi olaraq mallar və xidmətlər sahəsində təhlillər aparılır. Sonuncu dəfə ikitərəfli danışıqlar 2015-ci il martın 3-6-da Cenevrədə ABŞ, Norveç, İsveçrə və Yaponiya ilə mallar və xidmətlər üzrə keçirilib”.
Azərbaycanda qanunvericiliyin DTT tələblərinə uyğunlaşdırılması prosesinin də davam etdirildiyini söyləyən Elmar Məmmədyarov daha sonra vurğulayıb: “Üzv ölkələrin öz tələbləri var, bu təkliflər bir çox halda bizi qane etmir. İstəyimiz Azərbaycan üçün ən məqbul olan şərtlərin təqdim edilməsidir. Bizim üçün zaman vacib deyil, vacib olan odur ki, şərtlər ölkəmizə, qeyri-neft sektoruna heç bir xələl gətirməsin. Bizim məqsədimiz əvvəlcə iqtisadiyyatımızın şaxələndirilməsi, sonra isə üzvlük məsələsinin yekunlaşdırılmasından ibarətdir”.
Dünya Ticarət Təşkilatının əsası 1947-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişlə qoyulub. 1995-ci il yanvarın 1-dən beynəlxalq təşkilat sayılan DTT-nin hazırda 160-dan çox üzvü var. Təşkilatın baş ofisi Cenevrədə yerləşir.