Qətlə yetirilmiş jurnalist Rasim Əliyevin valideynləri ikinci dəfə prezident İlham Əliyevə müraciət ediblər.
ANN.TV-nin reportyoru Rasim Əliyevi bu il avqustun 8-də bir qrup şəxs döyüb, jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu və kapitanı Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub. Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanan cinayət işinin istintaqı artıq yekunlaşıb.
ANN.Az xəbər verir ki, mərhum jurnalistin atası Məmmədəli Əliyev və anası Teyfurə Əliyevanın prezident İlham Əliyevə ünvanladıqları müraciətdə istintaqın gedişindən narazılıq bildirilir.
Müraciətdə deyilir:
“Cənab prezident!
Bildiyiniz kimi, oğlumuz jurnalist Rasim Əliyev 8 avqust 2015-ci il tarixində bir qrup şəxs tərəfindən amansızcasına döyüldükdən sonra çoxsaylı xəsarətlərlə 1 saylı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdir. O, 9 avqust 2015-ci il tarixində həmin xəstəxanada vəfat etmişdir. Ölüm faktı üzrə Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi qaldırılaraq istintaq başlanmışdır. İstintaq tədbirləri nəticəsində şübhəli şəxs qismində Cavid Hüseynov, Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdir.
10 dekabr 2015-ci il tarixində bu cinayət işi üzrə istintaq bitib. Lakin istintaqın nəticələri valideyn kimi bizi narahat edir. Belə ki, bizim və şahidlərin istintaqa təqdim etdiyi çoxsaylı faktlara baxmayaraq, həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatətimizə 21.12.2015-ci ildə istintaq rədd cavabı verib. İmtinanın əsası kimi təqdim edilmiş sənədlərdə çoxsaylı ziddiyyətlər var, halbuki onlar istintaq tərəfindən araşdırılmalı idi. Bu fakt bizi narahat etməyə bilməz.
Həmçinin dekabrın 22-də təqsirləndirilənlər Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Şəhər Prokurorluğundan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri üzrə təqsirləndirilən digər şəxs Cavid Hüseynova gəlincə isə, onun işi ayrıca icraata ayrılaraq məhkəməyə göndərilmək mərhələsindədir. Bu fakt bizi narahat edir və Cavid Hüseynovun prokurorluq tərəfindən müdafiə olunduğuna dair şübhələrimizi daha da artırır. Qanuna uyğun olaraq, əgər Cavid Hüseynov barədə cinayət işi üzrə icraat ayrılmalı idisə, bu, istintaq dövründə edilərək, bizlərə ayrıca iş kimi təqdim olunmalıydı. Lakin biz və qarşı tərəf iş materialları ilə bir cinayət işi kimi tanış olmuşuq.
Cənab prezident, yuxarıda qeyd etdiyimiz narahatlıqlar sizə müraciət etməyimizə səbəb olmuşdur. Siz hadisə baş verdiyi zamandan etibarən bu işi öz şəxsi nəzarətinizə götürmüsünüz və bir qarant kimi sizdən xahiş edirik ki, oğlumuzun ölümünün səbəblərini dəqiq və qərəzsiz araşdırılmasını təmin edəsiniz”.
Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, futbolçu Cavid Hüseynov avqustun 6-da “Qəbələ” futbol klubunun heyətində Kiprin “Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.