İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu sahibkarlara və ticarətçilərə müraciət edib. Ekspert manatın 21 dekabr devalvasiyası fonunda süni qiymət artımı yaratmayıb səbirli davranmağı məsləhət görür.
Mərkəzi Bank dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar çıxarıb. Hazırda 1 dollar 1 manat 55 qəpikdən bahadır. Bu ilin əvvəllərində 1 dollar 80 qəpiyə yaxın idi, fevralın 21-də isə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik müəyyən edilmişdi.
Transparency.az-ın məlumatına görə, sosial şəbəkədə müraciət yayan Qubad İbadoğlu analoji prosesin Ukrayna və Qırğızıstanda da baş verdiyini xatırladaraq bu ölkələrdə qiymətlərin ciddi artmadığını vurğulayıb: “Düşünürəm ki, Azərbaycanda müşahidə olunan bahalaşmada süni qiymət artımının rolu böyükdür. Sanki iş adamları belə həssas dövrdə daha çox qazanmaq fürsətini əldən vermək istəmirlər. Manatın dəyərsizləşməsinin əsasən birbaşa idxal qiymətlərinə təsir göstərməsinə baxmayaraq yerli məhsulların da qiyməti eyni sürətlə bahalaşır.
Bazarların qarşılıqlı əlaqəsi qanununun təsirini inkar etmək, bəzi yerli məhsulların istehsalında idxal xammalının rolunu nəzərdən qaçırmaq niyyətində deyiləm, amma orta hesabla 50 faiz bahalaşma o deməkdir ki, bəzi ticarətçilər əvvəlki devalvasiyanın xərclərini də indiki ilə birlikdə hesablayaraq istehlakçılara yükləyirlər. Odur ki, fürsət tapıb xərclərin gözlənən artımının iki qatını bəri başdan hesablayıb, onu qiymətdə maddiləşdirməyin. Unutmayın ki, bununla qısamüddətli dövrdə qazanc əldə etsəniz də, orta və uzun müddətli dövrdə alıcılıq qabiliyyətinin aşağı düşməsinin əsas ağrısını siz çəkəcəksiniz”.
Ekspert hazırkı durumda qeyri-elastik məhsulların (çörək və digər əvəz edilə bilməyən ərzaq malları) əmtəə bazarında qiymətinin formalaşması üçün rəqabətli mühit yaratmağı, süni qiymət artımına və ərzaq təhlükəsizliyinə nəzarəti gücləndirməyi ilkin tədbir kimi zəruri hesab edir.