İndi ən çox müzakirə edilən məsələ manatın kəskin dəyər itirməsinin mənfi nəticələrini azaltmaqdır. Bunun üçün nələrin edilməsinə ehtiyac var?
Bank və kreditləşmə sektorunda
Xarici valyuta ilə, xüsusən də dollarla götürülən kreditlər üçün yeni mexanizmlər hazırlanıb tətbiq olunmalıdır. Bunun üçün Mərkəzi Bank ya manatla artan xərcin bir hissəsini kompensasiya etməlidir, ya da xarici valyutada olan kreditlərin ödənilməsi üçün uzunmüddətli güzəşt müddəti müəyyənləşdirməlidir.
İlk devalvasiyadan (21 fevral) öncə dollarla kredit götürənlərin manatla əlavə xərci 2 dəfə, iki devalvasiya arasındakı müddətdə (21 fevral-21 dekabr) kredit alanların xərci 48 faiz artıb. Bu o deməkdir ki, yanvar ayında 10 min dollar kredit götürən şəxsə bank 7800 manat veribsə, indi əsas məbləğ faizlər hesablanmadan 15 550 manat olub. 10 min dollarlıq kredit üzrə yalnız əsas məbləğdə 7700 manat fərq var. Deməli, dollarla kredit götürən şəxslərin ödəmə qabiliyyətlərinin azalması gözlənəndir. Belə olan halda isə Mərkəzi Bankın məzənnə fərqindən yaranan xərcin bir hissəsini kompensasiya etməsi olduqca vacibdir. Əks halda bankların cüzi faiz azaltmaları və müddəti uzatması bu sahədəki çətinliklərin aradan qaldırılmasına yetməyəcək.
Qlobal maliyyə böhranından sonra Rusiya Federasiyasında olduğu kimi Azərbaycan Mərkəzi Bankı dollarla krediti olan vətəndaşlar üçün uzunmüddətli güzəşt müddəti təyin etməklə bunun müqabilində banklara vəsait verə bilər. Problemin həllinin bankların üzərinə atılması doğru yanaşma olmayacaq. Çünki hələ də banklar öz daxili resursları hesabına ciddi güzəştlər və ya faiz endirimləri təklif etməkdə maraqlı görünmürlər. Ona görə də hökumətin kredit götürənlərin xərclərinin kompensasiyasına hesablanan kompleks tədbirlərin görülməsinə ehtiyac var.
Banklarda manatla olan əmanətlərlə bağlı manatın əvvəlki kursuna indeksasiyası həyata keçirilməlidir. Hazırda banklarda olan 7 milyard manatlıq əmanətin 20 faizi milli valyutadadır. Bu isə o deməkdir ki, 1,4 milyard manatlıq əmanətin dollar ifadəsində dəyəri 48 faiz azalıb. Əmanətləri indeksasiya edən Qazaxıstan kimi Mərkəzi Bankın da milli valyuta ilə olan əmanətlərə indeksasiya mexanizmi tətbiq etməsi zəruridir. Bununla banklardan əmanətlərin kütləvi götürülməsinin qarşısı alına bilər.
Bankların likvidliyinin qorunması üçün sağlamlaşdırıcı tədbirlər həyata keçirilməlidir. Manatın dəyər itirməsi bir tərəfdən bankların problemli kreditlərinin həcmini artıracaq, digər tərəfdən isə xarici borc öhdəliklərini manat ifadəsinə yüksəldəcək. Bu baxımdan Mərkəzi Bank kommersiya banklarının mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanlarını genişləndirməklə onların güzəştli kreditlərlə təminatını həyata keçirməlidir ki, kövrək bankların müflişləşməsinin qarşısını ala bilsin.
Sosial sferada
Proqnozlaşdırılan yeni real inflyasiya səviyyəsinə uyğun olaraq əməkhaqqı, pensiya və təqaüdlərin indeksasiyası həyata keçirilməlidir. Manatın dəyər itirməsi fonunda idxal olunan malların qiymətinin yüksəlməsi gələn il inflyasiyanı ikirəqəmli edəcək. İnflyasiyanın əmək haqlarını yeməsinin qarşısını almaq üçün əmək haqlarının indeksasiyası sisteminin hazırlanıb tətbiq edilməsinə ehtiyac var.
Bütün prioritet sosial layihələr üzrə indeksasiya sisteminin hazırlanıb tətbiq edilməsi reallaşdırılmalıdır.
Milli valyutanın dəyərsizləşməsi səbəbindən manatla təklif edilən sosial ipoteka kreditləri üzrə maksimum məbləğ artırılmalı və faizlər optimallaşdırılmalıdır.
İxrac potensialının artırılması
Qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün xarici ticarətdə bütün süni baryerlər və inhisarçılıq aradan qaldırılmalıdır. Üzən valyuta rejimində manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən asılı olaraq müəyyənləşir. Ölkəyə daxil olan xarici valyutanın artması dollar təklifini artıraraq manata təzyiqi azalda bilər.
Ölkənin ixrac potensialının artırılması üçün Azərbaycan Dünya Ticarət Təşkilatına üzvlüyü sürətləndirməlidir. Bu təşkilata üzvlük ölkəmizin xarici ticarət dövriyyəsinin liberallaşmasına və Azərbaycana daxil olan xarici valyutanın həcminin artmasına gətirib çıxar bilər.
Xarici ticarət xidmətlərinin “ASAN xidmət”ə verilməsi prosesi sürətlənməli və idxal-ixrac əməliyyatlarında elektronlaşma genişləndirilməlidir.
Struktur islahatları sahəsində
Bir-birini təkrarlayan qurumların ləğv edilməsi və dövlət qurumlarının birləşdirilməsi prosesi sürətlənməlidir. Büdcə qurumlarının sayının azaldılması dövlət xərclərinə qənaət edilməsinə səbəb olmaqla idarəetmə çevikliyinin artmasına gətirib çıxaracaq. Bu da pul dövriyyəsinə birbaşa təsir göstərəcək.
Dövlət büdcəsinin xərclər hissəsinin təsnifləşdirilməsi təkmilləşdirilməli və xərcləmələr üzrə yeni mexanizmlər işlənib tətbiq olunmalı, dolayı subsidiya mexanizmi optimallaşdırılmalı və minimuma endirilməlidir.
Sahibkarlıq sektorunda
Sahibkarlığın inkişafına maneə olan süni baryerlər və müdaxilələr aradan qaldırılmalı; xarici ticarətdə inhisar və monopoliya tamamilə götürülməli; sahibkarların güzəştli kreditlərə çıxış imkanları genişlənməli və bu sahədə şəffaflıq gücləndirilməli, fermerlər daxil olmaqla müxtəlif həssas sahibkarlıq subyektlərinə güzəştli maliyyə yardımlarının verilməsi mexanizmi təkmilləşdirilməli; sahibkarların bazara çıxışındakı bütün süni baryerlər aradan qaldırılmalı; qeyri-neft ixracatında subsidiya mexanizmi tətbiq edilməlidir.
İstehlak bazarında
İdxal olunan məhsullar üzrə dollar və manat xərc seqmentlərinin müəyyənləşdirilməsi və yalnız xarici valyutada ifadə olunan xərc artımının qiymətə transfer olunmasına nəzarət gücləndirilməli; starteji ərzaq məhsulları üzrə qiymətlərin tənzimlənməsi məsələsi optimallaşdırılmalı; süni qiymət artımlarına qarşı mübarizə gücləndirilməli və monitorinqlərin əhatə dairəsi genişləndirilməlidir.
Dəyərləndirmələr göstərir ki, qeyd edilən təkliflərin reallaşması istehlak bazarında qiymətlərin tənzimlənməsi, əhalinin gəlirlərində real artımın qorunması, qeyri-neft ixracatının stimullaşdırılması, ölkəyə daxil olan xarici valyutanın həcminin artırılması kimi istiqamətlərdə daha yüksək uğurlara nail olmağa yetməsə də, üzən məzənnə siyasətinin mənfi təsirlərini azaltmağa imkan verə bilər.