Bu il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğradı. Bəlli olduğu kimi, buna əsas səbəb dünya bazarında neftin ucuzlaşmasıdır. Transparency.az -ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkədə yaydığı şərhində bir daha Azərbaycan iqtisadiyyatının neftdən asılı vəziyyətdə saxlanmasını tənqid edib, bildirib ki, vaxtında ölkə iqtisadiyyatı şaxələndirilsəydi, milli valyuta belə asanlıqla dəyərdən düşməzdi. Ekspert vurğulayıb ki, iqtisadiyyat və valyuta gəlirləri şaxələndiriləndə, ölkəyə valyuta daha çox sahədən gələndə kənar şoklardan, inflyasiyadan sığortalanmaq mümkün olur, milli pul daha sabit qalır: “Eyni zamanda valyuta kütləsinin ölkəyə böyük həcmdə axması təkcə əmtəə və xidmət ixracının həcmindən asılı deyil. Əgər milli iqtisadiyyat xarici investorlar üçün cəlbedicidirsə, onda investor sərmayələrinin valyuta formasında ölkəyə daimi axını milli valyutanın sabitliyini təmin edən əsas mənbələrdən birinə çevriləcək”.
Rövşən Ağayev misal kimi Gürcüstanı göstərib. Qeyd edib ki, gürcü larisi son 5 ildə 40%, Azərbaycan manatı isə 1 ildə 100% dəyərdən düşüb: “Hər iki ölkənin tədiyyə balansının məlumatlarını izləyəndə manat və larinin məzənnəsinə təsir edən başlıca faktorları aydın görmək olur. Məsələn, 2010-2014-cü illərdə və 2015-ci ilin birinci yarısında Gürcüstanın tədiyyə balansının ümumi saldosunda kəsir çox böyük olmayıb. Nəticədə Gürcüstanın həm valyuta ehtiyatlarının əriməsi, həm də larinin kəskin dəyərdən düşməsi üçün zəmin yaranmayıb. Gürcüstanda ən böyük kəsir 2011-ci ildə olub: 572 milyon dollar. Sonrakı illərdə vəziyyət dəyişib. 2013-cü ildə saldo müsbət olub, yəni ölkəyə gələn valyuta kütləsi gedən kütləni üstələyib. 2012 və 2014-cü illərdə təxminən 35 milyon dollarlıq, 2015-ci ilin ilk 6 ayında 20 milyon dollarlıq mənfi saldo yaranıb.
Azərbaycanda isə 2010-2014-cü illərdə tədiyyə balansının illik ümumu müsbət saldosu 4-5 milyard dollardan az olmayıb. 2015-ci ilin birinci yarısında tədiyyə balansında 6 milyard dollardan çox mənfi saldo yaranıb.
Azərbaycanla Gürcüstanın valyuta axınları arasında əsas fərq xidmətlər balansında və maliyyə hesabında özünü göstərir. 6 ayda Gürcüstanın xidmətlər balansında 335 milyon dollar müsbət saldo, Azərbaycanda isə 2,4 milyard dollar mənfi saldo yaranıb. Həmin 6 ayda xarici investisiyaların və kreditlərin ölkəyə daha sürətlə axması nəticəsində Gürcüstanın maliyyə hesabında 700 milyon dollardan artıq müsbət saldo yaranıb. Amma Azərbaycana kapital və investisiya formasında daxil olan vəsaitin eyni kanalla ölkədən daha çox çıxması nəticəsində bizdə 6,5 milyard mənfi saldo yaranıb.
Manat və lari: başqa valyutalar qarşısında birini yalnız neft himayə edirdi. Neft qiymətdən düşən kimi manatı da dəyərdən saldı. O birini isə turizm, mineral sular, metallurgiya məhsulları, gürcü çaxırı himayə edib və hələ də edir. Son 5 ilin nəticəsinə görə, larinin himayədarları daha etibarlı və güclü çıxıb”.