Xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC-a müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 19-u Berndə keçirilmiş görüşündən danışıb. O deyib ki, 2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentləri avqustun 10-u Soçidə, sentyabrın 4-ü Nyuportda və oktyabrın 27-si Parisdə bir araya gəlmişdilər: “Bu görüşlər nəticəsində müəyyən müsbət dinamika əldə edildi və Paris görüşündən sonra Fransa prezidenti Fransua Oland Ermənistanı və Azərbaycanı sülh sazişi üzərində işləməyə dəvət etdi. Bunun ardınca isə 2014-cü il dekabrın 4-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xarici işlər nazirləri səviyyəsində Ermənistan və Azərbaycanı tezliklə sülh sazişi üzərində işləməyə çağıran bəyanat verdilər. Azərbaycan hələ o zaman sülh sazişi üzərində işləməyə hazır olduğunu bəyan etdi.
Amma Paris görüşündən dərhal sonra işğal olunmuş Azərbaycan ərazilərində, rəsmi Yerevanın məlumatına görə, 46 min nəfərdən artıq şəxsi heyət və 5 mindən çox texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirildi. Bu təlimlərin nəticəsində Ermənistanın məlum helikopter insidentini provokasiya etməsi danışıqlarda hər hansı irəliləyişin əldə olunmamasına və gərginliyin daha da artmasına xidmət etdi.
Ona görə də bir ildən artıq müddətdən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 2015-ci il dekabrın 19-da dövlət başçıları səviyyəsində görüşün keçirilməsi müsbət haldır. İşğal və təcavüzə məruz qalan və bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan dövlət kimi Azərbaycan münaqişənin tezliklə həllində ən maraqlı tərəf olaraq məzmunlu və nəticə yönümlü danışıqların həmişə tərəfdarı olub. Azərbaycan hazırda danışıqlar masasında olan təkliflər əsasında konstruktiv müzakirələrə hazırdır və Bern görüşündə bu mövqe bir daha bəyan olundu”.
Elmar Məmmədyarov əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar Ermənistana və Azərbaycana təkliflər verib: “Bu təklifləri ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri də dəstəkləyir. 2015-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda və Yerevanda işgüzar səfərlərdə oldu və təkliflərlə əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ilə fikir mübadiləsi apardı. Təkliflər 2014-cü il ərzində prezidentlərin Soçi, Nyuport və Paris görüşləri zamanı əldə edilmiş razılaşmaları ehtiva edərək yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri isə geniş ictimaiyyətə bəllidir. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında olan zəbt edilmiş rayonların mərhələli şəkildə işğaldan azad edilməsi, o cümlədən digər məsələlər əks olunub.
Beləliklə, yenilənmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflərdən çıxış edərək hərtərəfli sülh sazişinin hazırlanması prosesinə başlamağın vaxtıdır. Bəs Ermənistan nəyi gözləyir? Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməlləri törətməklə qəsdən vəziyyəti gərginləşdirmək, Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif qeyri-qanuni əməllər həyata keçirməklə Ermənistan hər vəchlə münaqişənin həllinə mane olmağa çalışır.
Danışıqlar prosesində konkret təkliflər olduğu halda Ermənistanın bəyanatlarında bunların heç birinə toxunulmur və məqsədyönlü şəkildə hədəfdən yayınmaq üçün insidentlərin araşdırılması mexanizmi və digər ikinci dərəcəli məsələlər gündəmə gətirilir və yalnız daxili auditoriya üçün hesablanmış spekulyativ bəyanatlar verilir.
İnsidentlərin araşdırılması mexanizmi münaqişənin həlli ilə əlaqədar kompleks tədbirlərin bir elementi olaraq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası prezidentlərinin 5 mart 2011-ci il və 23 yanvar 2012-ci il Soçi bəyanatlarında öz əksini tapıb. Bu, hədəf deyil, münaqişənin hərtərəfli həllinə xidmət edə biləcək kompleks vasitələrdən biridir.
İlk növbədə ondan başlayaq ki, insidentlər nəyə görə baş verir? Ona görə ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq Ermənistanın silahlı qüvvələri mövcuddur. Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra insidentlər də baş verməz, onların araşdırılmasına da ehtiyac qalmaz.
Bu ilin sentyabrında Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündən sonra Azərbaycan bir daha bəyan etdi ki, insidentlərin araşdırılması mexanizmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olmalıdır.
Ermənistan məqsədyönlü şəkildə hərtərəfli həll prosesinin ən vacib elementi olan Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını arxa plana ataraq insidentlərin araşdırılmasını ön plana çəkir. Tamamilə aydındır ki, Ermənistan bu mexanizm adı altında Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır”.
Xarici işlər naziri deyib ki, prezidentlərin Bern görüşündə münaqişənin humanitar aspektləri də müzakirə olunub: “Prezident İlham Əliyev soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini bir daha qaldırdı. Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası prezidentlərinin 27 oktyabr 2010-cu il, 5 mart 2011-ci il və 23 yanvar 2012-ci il bəyanatlarında əsir və girov götürülmüş şəxslərin, meyitlərin qaytarılması və münaqişənin humanitar aspektləri üzrə əməkdaşlıq nəzərdə tutulurdu. Prezidentlərin Paris görüşündə itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə məlumat mübadiləsi mexanizminin yaradılması təklif edildi. Dörd mindən artıq vətəndaşı itkin düşmüş hesab edilən Azərbaycan Fransa prezidenti Fransua Olandın humanitar xarakter daşıyan bu təşəbbüsünü dəstəkləyir. Bu xüsusda Beynəlxalq Qızıl Xaç Komitəsinin və İsveçrə hökumətinin həyata keçirdikləri humanitar missiyasını alqışlayırıq. BQXK-nın hazırladığı son siyahı əsasında 4496 nəfər itkin düşmüş şəxs kimi müəyyən edilib. Ümid edirik ki, bu layihənin uğurla həyata keçirilməsi nəticəsində 20 ildən artıq bir dövrdə itkin düşmüş hesab olunan şəxslərin ailələrinə onların taleyi barədə müəyyən məlumatın verilməsi mümkün olacaq.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin 3 dekabr 2015-ci il bəyanatında Azərbaycanın təmas xəttini keçmiş bir nəfər əsgəri və bir nəfər mülki şəxsi Ermənistana qaytarması təqdirəlayiq humanitar akt və beynəlxalq humanitar öhdəliklərə uyğun addım kimi qiymətləndirildi. Həmçinin tərəflərə çağırış edilərək Həştərxan bəyanatının ruhunda qalan bütün əsir və girovların qaytarılması qeyd edildi. Bundan bir qədər əvvəl Azərbaycan xoş niyyətin göstəricisi olaraq daha bir ailəni də Ermənistana təhvil verdi.
Odur ki, indi növbə Ermənistanındır. Rəsmi Yerevan beynəlxalq humanitar öhdəliklərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq itkin düşmüş şəxslərlə əlaqədar məlumat mübadiləsi prosesində iştirak etməli və soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad olunmasını təmin etməlidir”.