Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin Bakı İstintaq Təcridxanasında özünü öldürdüyü xəbəri yayılıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bununla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Cinayət Məcəlləsinin 302.2, 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında saxlanılan İlqar Mustafa oğlu Əliyev dekabrın 20-si saat 15:55 radələrində intihar edib: “Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalan İlqar Əliyev mələfəni ip formasında pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirə salınmadan İlqar Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq ölüm halı baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.
Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İlqar Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib. Bakı Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerini məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə ediblər. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır”.
Bu il oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov postundan azad edilib. Bundan sonra nazirliyin bir qrup yüksək rütbəli əməkdaşı həbs olunub. Noyabrın 25-də Baş Prokurorluğun mətbuat xidməti Milli Təhlükəsizlik Nazirliyində ayrı-ayrı vəzifələri tutmuş şəxslər barəsində başlanan cinayət işinin istintaqı ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Transparency.az bildirir ki, həmin məlumatın İlqar Əliyevə aid bölümündə bunlar yer alıb: “Nazirliyin Baş İdarəsinin sabiq rəis müavini Əliyev İlqar Mustafa oğlu və şöbə rəisinin müavini Mehdiyev Azər Söhrab oğlunun sahibkar M.Mahmudov barəsində keçirdikləri qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində əldə etdikləri şəxsi məlumatların yayılacağı, onun şəxsiyyəti üzərində zor göstəriləcəyi və cinayət işi başlanaraq həbs olunacağı hədəsi ilə külli miqdarda pulunu ələ keçirmələrinə dair mötəbər sübutlar toplanıb. Qeyd olunan şəxslərin hədə-qorxu və təzyiqləri nəticəsində hüquqları pozulmuş digər sahibkarların müraciətləri də araşdırılır”.
Dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Orxan Sultanov Xarici Kəşfiyyat Xidmətinin, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyinat alıb. Mədət Quliyev oktyabrın 20-dən milli təhlükəsizlik nazirinin birinci müavini idi, nazir səlahiyyətlərini icra edirdi.