İqtisadçı ekspertlər manatın yeni məzənnəsinin ölkədə doğuracaq nəticələrini şərh ediblər.
Dekabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Bankı üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq, Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 55 qəpik olub.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik səviyyəsində müəyyən edilmişdi. Həmin vaxtadək 1 dollar 80 qəpikdən bir az baha satılırdı.
“Bankların əksəriyyəti müflis olacaq”
Transparency.az xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənov sosial şəbəkədə bununla bağlı yaydığı şərhində Mərkəzi Bank rəhbərliyini suçlayıb. O bildirib ki, Mərkəzi Bank fevral devalvasiyasından ötən 10 ay ərzində ölkədən valyuta axınının qarşısını almaq üçün heç nə etməyib: “Əksinə, Mərkəzi Bank bankların açıq valyuta mövqeyi limitini ləğv etdi və növbəti devalvasiya üçün tam şərait yaratdı, digər səhv qərarlar verdi. Mərkəzi Bank nəzdindəki Maliyyə Monitorinqi Xidməti ölkədən valyutanın qaçırılmasına mane olmadı. Devalvasiya qaçılmaz idi və ilk növbədə Azərbaycandan asılı olmayan faktorların nəticəsidir. Bu il ərzində əksər ölkənin milli valyutası devalvasiyaya məruz qalıb. Lakin heç yerdə əhali və sahibkarlar bizdəki kimi devalvasiyadan belə ağır zərər çəkməyib. Bunun günahkarı Mərkəzi Bankın mövcud rəhbərliyidir.
Rəhbərlik illər boyu ölkəmiz üçün səhv və zərərli pul siyasəti həyata keçirib, banklara çox pis nəzarət edib. Bunun nəticəsində Azərbaycanın valyuta ehtiyatları əriyib, əhali və sahibkarlar dollar krediti bataqlığına düşüb. Ölkədə normal bank sistemi yoxdur. Yalnız Mərkəzi Bankın rəhbərliyinin kommersiya banklarının sahibləri və rəhbərliyi ilə sıx qohumluq və dostluq əlaqələri var. Belə bank sisteminin nə demək olduğunu yaxında hamımız görəcəyik: sistem çökəcək! Bankların əksəriyyəti müflis olacaq. Amma zərər çəkən sıravi əmanətçilər olacaq. Ən ağır vəziyyətdə, təbii ki, kredit təşkilatlarına dollar borcu olanlardır. Mərkəzi Bank onların problemini həll etmədi, kreditlər manata çevrilmədi. Konstitusiya Məhkəməsinin may qərarı icra olunmadı: banklar əhaliyə güzəştə getmədi. Ümumiyyətlə, heç nə edilmədi. Banklar bundan sonra borclulara qarşı daha da azğınlaşacaq.
“Dollar 3-5 manat ola bilər”
İqtisad elmlər doktoru Oqtay Haqverdiyev “Trend”ə açıqlamasında deyib ki, Azərbaycanın üzən məzənnə rejiminə keçməsi dünya valyuta bazarında baş verən poseslərlə əlaqəli qaçılmaz addımdır: “Bizim indi gördüyümüz manatın real qiymətidir. Məncə, dolların bahalaşması prosesi 2016-cı il boyunca rəvan şəkildə gedəcək. Mənim qiymətləndirmələrimə görə, dolların real qiyməti 3-5 manat təşkil edə bilər”.
Oqtay Haqverdiyev Mərkəzi Bankın son qərarının məcburi olduğunu bildirib: “Dünya valyuta bazarında bu proseslər getməsəydi, heç nəyi dəyişmək lazım gəlməyəcəkdi. Amma Azərbaycan xarici ticarətini dollarla aparır deyə bu addım heç də yaxşı günümüzdən qəbul edilməyib. Bu addıma məcburən gedildi. İqtisadi nəzəriyyələrə görə, istənilən milli valyuta sərbəst buraxılmalıdır. Onun real dəyərini valyuta bazarındakı tələb-təklif nisbəti müəyyən etməlidir. Belə vəziyyətdə iqtisadiyyat da ahəngdar inkişaf edir”.
“Manatın ucuzlaşması davam edəcək”
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, manatın ucuzlaşması davam edəcək. Faktxeber.com-un məlumatına görə, Vahid Əhmədov bildirib: “Hazırda dünya bazarında neftin qiymətləri 35-36 dollara düşüb. Manatın məzənnəsi də dünya bazarında neftin qiymətindən birbaşa asılıdır. Bu halda biz manatı necə qoruyub saxlaya bilərik? Ona görə də manatın dəyərdən düşməsi prosesi davam edəcək. Başqa yol yoxdur”.
Manat hansı həddə qədər ucuzlaşa bilər? Modern.az-ın bu sualına cavabında Vahid Əhmədov bildirib ki, bunu heç kim söyləyə bilməz: “Rəqəm söyləmək düzgün olmaz, amma proses gedəcək. Bütün bunlar isə neftin dünya bazarında qiymətindən asılı olaraq tənzimlənəcək. Azalmalar davam edəcəksə, bu, yaxşı heç nə vəd etməyəcək. Əksinə, neftin qiyməti qalxarsa – baxmayaraq ki, bu, inandırıcı deyil – o zaman problem müəyyən qədər həll oluna bilər”.
Deputat manatı rubl qədər olmasa da, çətin günlər gözlədiyini vurğulayıb.
“Hökumət əhalini, Mərkəzi Bank bankları qorumalıdır”
İqtisadçı ekspert Samir Əliyev Facebook-da yaydığı şərhində qonşu ölkələrdən Qazaxıstan və Rusiya təcrübəsini xatırladaraq qeyd edib ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Transparency.az-ın məlumatına görə, Samir Əliyev şərhində bildirib ki, bu baxımdan Azərbaycanda da fərqli ssenari olmadı: “Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları daha ağır olmalı idi və olacaq da. Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı. Nəticəsi artıq bəllidir. Əgər manat tədricən ucuzlaşaydı, indi kəskin devalvasiyaya ehtiyac qalmazdı.
Üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq. Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək”.
Samir Əliyev hesab edir ki, bugünkü məzənnə manatın ucuzlaşmasının son həddi deyil, bundan sonra da proses davam edəcək: “Ola bilsin, müəyyən zaman kəsiyində manat bahalaşsın. Ancaq bu, müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq. Hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq.
Əsas problem inflyasiya olacaq. Hökumət yenə də inzibati yolla qiymət artımının qarşısını almağa başlayacaq. Ancaq bu, çox çəkməyəcək. Qiymətlər artacaq. Ona görə hökumət devalvasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir. Bu sferada inhisar aradan qalxmalıdır”.
“Əmək haqları və pensiya məsələsinə yenidən baxılmalıdır”
Digər iqtisadçı ekspert Vüqar Bayramov Milli.Az-a bildirib: “Üzən məzənnə rejiminə keçid o deməkdir ki, bundan sonra manatın məzənnəsini artıq Mərkəzi Bank deyil, bazar müəyyən edəcək. Ona görə də bazarın dəyişikliyə reaksiya verəcəyi gözlənilən idi və manatın məzənnəsinin azalmasına gətirib çıxaracaqdı. Vəziyyət Mərkəzi Bankın tənzimlənən, yoxsa liberal üzən məzənnə siyasətindən istifadə edəcəyindən də asılı olacaq. Ehtimalla liberal məzənnədən istifadə olunmayacaq. Çünki bu addım bizdə manatın məzənnəsinin daha çox aşağı düşməsinə gətirib çıxara bilər. Amma tənzimlənən siyasət yürüdülsə də, manatın məzənnəsində azalma gedəcək və bu, artıq hiss edilir, məzənnə kəskin şəkildə düşür”.
Vüqar Bayramov hesab edir ki, dövlət əmanətlərin indeksasiyası, yəni qorunması tədbirlərini gücləndirməli, buna müdaxilə etməlidir: “Əks halda psixoloji təzyiq manatın məzənnəsinin kəskin enməsinə gətirib çıxara bilər”.
Ölkədə bahalaşmanın da olacağını proqnozlaşdıran Vüqar Bayramov qeyd edib ki, vətəndaşların bundan əziyyət çəkməməsi üçün dövlət əmək haqları və pensiyalar məsələsinə yenidən baxmalıdır: “Qiymət artımı əsasən ölkəyə gətirilən məhsullarda hiss olunacaq. Çünki idxal olunan məhsullar dollarla hesablanır. Manatın məzənnəsi düşdüyü üçün həmin məhsulların qiyməti manata çevriləndə artacaq. Bu halda süni qiymət artımları ilə mübarizənin gücləndirilməsinə də ehtiyac var.
İndi sosial gərginliyin yaranmaması üçün əmək haqları və pensiyalar manatın məzənnəsinə uyğun indeksasiya edilməlidir ki, vətəndaşlar qiymət artımından sığortalana bilsin. Bu, olduqca vacibdir. Əks halda məzənnənin dəyişməsi əmək haqlarının və pensiyaların ciddi şəkildə dəyərsizləşməsinə gətirib çıxara bilər”.