Milli Məclisin 18 dekabr iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilib. APA-nın xəbərinə görə, nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Yeniliyə əsasən, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir.
Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın dövlət bayrağı ilə örtülür. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qarovul düzülə bilər. Habelə şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək.
Nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə də daxil edilib. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.