FİFA prezidentinin səlahiyyətlərini həyata keçirən İssa Hayatu və qurumun baş katibi Markus Kattner futbol ictimaiyyətinə açıq məktubla müraciət ediblər. Onlar futbol ictimaiyyətini qurumda nəzərdə tutulan islahatları dəstəkləməyə çağırır. Transparency.az-ın məlumatına görə, müraciət müəllifləri hesab edir ki, 2018-ci ilin dünya çempionatına qədər FİFA-da bu islahatlar həyata keçirilməlidir:
– maraqların toqquşmasına yol verməmək üçün dünya futbolunun siyasi idarəçiliyi ilə gündəlik maliyyə və işgüzar əməliyyatlarını bir-birindən tam ayırmaq, bütün maliyyə əməliyyatlarını müstəqil orqanın nəzarətinə vermək;
– FİFA-da əsas vəzifələri tutmağın 3 dördillik müddətdən artıq olmaması;
– FİFA-da bütün təyinatları müstəqil orqanın yoxlaması;
– futbol ictimaiyyətinin (oyunçular, klublar, liqalar, assosiasiyalar) qərarların qəbuluna böyük təsiri.
Oktyabrın 8-də FİFA-nın prezidenti Yozef Blatter, qurumun vitse-prezidenti, UEFA prezidenti Mişel Platini və FİFA-nın baş katibi Jerom Valke 90 gün müddətinə vəzifələrindən uzaqlaşdırılıb. FİFA-nın Etika Komitəsinin Arbitraj Palatasının qərarına əsasən, Blatter, Platini və Valkeyə 90 gün müddətində beynəlxalq və milli səviyyədə futbol fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
Arbitraj Palatasının qərarı ilə FİFA-nın sabiq vitse-prezidenti Con Moncun bu qurumda vəzifə tutmaqdan 6 il müddətinə məhrum olunub və 100 min İsveçrə frankı cərimələnib.
Bu ilin mayından FİFA ətrafında korrupsiya qalmaqalı gedir. Mayın 27-də Sürixdə qurumun 7 məmuru korrupsiya ittihamı ilə tutulub. Onların çoxu dünya futbol çempionatlarının keçirildiyi ölkələrin seçimini külli miqdarda rüşvətlə həll etməkdə günahlandırılır.
Mayın 29-da FİFA İcraiyyə Komitəsinin iclasında Blatter beşinci müddətə prezident seçilib, amma təzyiqlərə davam gətirməyərək iyulun 2-də istefa verib. Gələn il fevralın 26-da FİFA-ya yeni prezident seçiləcək. Prezidentliyə əsas iddiaçılardan biri Platini idi.
Sentyabrda İsveçrədə prokurorluq FİFA prezidentinə cinayət işi qaldırıb. Blatter 2005-ci ildə Karib hövzəsinin futbol təşkilatı ilə sərfəsiz müqavilə imzalamaqda, israfçılıqda günahkar bilinir. Ona Platiniyə 2 milyon İsveçrə frankı məbləğində sanksiyalaşdırılmamış ödəniş etmək ittihamı da irəli sürülüb.
Milyarder Moncunun isə FİFA rəsmilərinə 2022-ci ilin dünya futbol çempionatını Cənubi Koreyaya salmaq müqabilində şirnikləndirici təkliflər verdiyi bildirilir.
Şimali və Mərkəzi Amerika, Karib hövzəsi zonasının futbol təşkilatı olan CONCACAF-ın keçmiş baş katibi, FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Çak Bleyzer iyul ayında futbol fəaliyyəti ilə məşğul olmaq hüququndan ömürlük məhrum edilib. Qərar FİFA-nın Etika Komitəsinin araşdırmalarına əsasən verilib. Qurum bu araşdırmalara CONCACAF-ın məruzəsi və ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi faktlara əsasən başlamışdı.
Bleyzer FİFA və CONCACAF-da fəaliyyəti dövründə qanunsuz ödənişlərin, rüşvətlərin təklifi, alınması, həmçinin digər maliyyə fırıldaqları ilə bağlı sxemlərdə aparıcı fiqur olub.
2013-cü ilin noyabrında Bleyzerin qapalı məhkəməsi keçirilib. Məhkəmənin bəzi detalları bu il üzə çıxıb. Həmin məhkəmədə özünü 10 məsələ üzrə günahkar hesab edən Bleyzer 1998-ci ilin dünya çempionatının meydan sahibliyinin Fransaya, 2010-cu ilin dünya çempionatının təşkilatçılıq hüququnun CAR-a verilməsi zamanı rüşvət aldığını bildirib. Məhz onun istintaqa verdiyi məlumatlar FİFA-dakı korrupsiyanın üstünü açmağa kömək edib, mayın 27-də İsveçrənin Sürix şəhərində qurumun rəhbər şəxslərinin bəziləri həbs olunub.
Oktyabrın 30-da isə Blatter “Financial Times” qəzetinə müsahibəsində 2018-ci ilin dünya çempionatının Rusiyaya danışıq nəticəsində salındığını etiraf edib.