Müxalif REAL Hərəkatının liderlərindən olan iqtisadçı ekspert Natiq Cəfərli ölkədə ciddi böhran yaşandığını deyir. Transparency.az-ın məlumatına görə, ekspert şərh yayaraq hakimiyyəti təcili islahatlara səsləyib: “Azərbaycan böhranın qapısından içəri girib, indi də tam ortasına doğru sürətlə gedir. Vəziyyət çox ciddidir, dövlət başçısı qərar verməlidir. Görüləcək iş çox, vaxt isə azdır. İndi elə bir zaman yetişib ki, siyasi islahatlarsız iqtisadi islahat mümkün deyil. Müzakirəsiz ilk addım bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasıdır.
İqtisadi addımlara gəlincə, 900 min büdcə çalışanı ilə yola davam etmək mümkün deyil, bu say heç olmasa 50% azalmalıdır. Bu isə 450 min işsiz demək olacaq. Təbii ki, bu addımı atmazdan qabaq ciddi iqtisadi liberallaşma lazımdır, gömrük və vergi islahatları labüddür, kiçik və orta sahibkarlığın təşviq edilməsi zəruridir. Yəni gömrük qapıları taybatay açılmalı, kiçik rüsumlar sisteminə keçilməli, mal və xidmətlərin dövriyyəsi sürətlənməli, vergi dərəcələri aşağı salınmalı, sadələşdirilmiş vergi sisteminə keçilməli, yoxlayıcı orqanların funksiyaları ləğv edilməlidir.
Bir sözlə, ciddi struktur dəyişikliyinə, mülkiyyəti hakimiyyətdən, siyasəti idarəetmədən, mərkəzi hakimiyyəti yerli hakimiyyətdən, qanunların qəbulunu onların icrasından ayırmaq lazımdır.
Bütün bu islahatları başlamadan öncə azad və ədalətli məhkəmə sistemi qurulmalıdır. Cəmi 6 aya bu işi görmək olar. İslahatlar yuxarıdan aşağı getməli, əvvəl Ali Məhkəmə, apellyasiya məhkəmələri yenidən formalaşmalı, alt məhkəmələrdən gələn qanunsuz qərarlar orada pozulmalı, qanunsuz qərar verən hakimlər cəzalandırılaraq ədliyyə sistemindən xaric edilməli, yeniləri ilə əvəzlənməlidir. Paralel olaraq prokurorluq və polis sistemi də islah olunmalıdır.
Bütün bunlardan öncə isə təkrar seçki keçirilməli, normal parlament formalaşmalıdır. Amma bu parlament keçici olmalı, yeni ana yasa hazırlamalı, parlament seçkisinə keçid üçün keçid dövrünün qanunlar toplusunu qəbul etməli, o zamana qədər isə etimad hökumətini formalaşdırmalı, hökumət prezidentə və Milli Məclisə hesabatlı olmalı, prezident dövlət başçısı rolunu almalı, hökumət başçısı funksiyalarından əl çəkməlidir. Sürətli keçid 2018-ci ildə tamamlanmalı, yeni ana yasaya uyğun parlament seçkisi keçirilməli, həmin parlament də üçdə iki səs çoxluğu ilə dövlət başçısını seçməlidir. Paralel olaraq maliyyə amnistiyası, lüstrasiya (bəzi kateqoriyalardan olan şəxslərin hüquqlarının qanuni şəkildə məhdudlaşdırılması) və reabilitasiya haqqında qanunlar da qəbul olunmalıdır”.