Dekabrın 18-də “Azadlıq” qəzeti ABŞ Konqresinin Helsinki Komissiyasında hazırlanmış “Azərbaycan demokratiya aktı – 2015” adlı qanun layihəsinin mətnini dərc edib. Transparency.az-ın məlumatına görə, layihədə qeyd olunur ki, Azərbaycanda insan hüquq və azadlıqlarının, demokratik idarəetmə prinsiplərinin və standartlarının pozulması Birləşmiş Ştatların Azərbaycanla geniş miqyasda əməkdaşlığını ciddi şəkildə çətinləşdirib. Layihə müəlliflərinin fikrincə, Azərbaycan hökuməti söz azadlığını, medianın müstəqilliyini məhdudlaşdırmaqda davam edir, ölkədə jurnalistlər hədə-qorxu ilə üzləşir, döyülür, həbs olunur.
Layihədə seçki məsələlərinə toxunulur və qeyd olunur ki, Azərbaycan hökuməti ATƏT-ə üzv olmaqla üzərinə azad və ədalətli seçki keçirmək öhdəliyi götürüb, amma 1992-ci ildən bəri keçirilən seçkilər ATƏT-in minimal standartlarına da cavab verməyib.
ABŞ Dövlət Departamentinin hesabatına əsaslanan layihə müəllifləri qeyd edirlər ki, Azərbaycan hökuməti məhkəmə sistemindən fərqli fikirdə olan dinc etirazçıları cəzalandırmaq üçün yararlanır, bu ölkədə qanunsuz və siyasi motivli həbslərin sayı artır, həmin adamlara və onların ailə üzvlərinə qarşı qanunsuzluğa yol verən vəzifəli şəxslər isə cəzasız qalır: “Azərbaycan hakimiyyəti həmçinin siyasi müxalifət, müstəqil QHT-lər, jurnalistlərin özlərinə və ailə üzvlərinə qarşı hədə-qorxu, zorakılıq, işdən qovulma, ölkədən çıxışa qadağa qoyulma vasitəsilə qisas almaqla fərqli fikirli adamları susdurmağa çalışır”.
“Azərbaycan demokratiya aktı – 2015” qanun layihəsində təklif olunur ki, ABŞ dövlət katibi və ABŞ-ın daxili təhlükəsizlik naziri bu şəxslərə viza verməkdən imtina etsinlər:
– Azərbaycan hökumətində yüksək vəzifə tutan şəxslər və onların ailə üzvləri;
– Azərbaycanın yüksək rəhbərliyində təmsil olunanlarla əlaqələr sayəsində əhəmiyyətli maliyyə vəsaiti əldə edən şəxslər;
– seçkini saxtalaşdıranlar;
– insan haqlarını pozanlar;
– korrupsiya ilə məşğul olanlar;
– demokratik institutların fəaliyyətinə imkan verməyənlər;
– Azərbaycanın demokratiyaya keçidinə maneə yaradanlar;
– müstəqil mətbuat orqanlarına, jurnalistlərə, hüquq müdafiəçilərinə, müxalif və dini qruplara qarşı repressiyalarda əli olan hüquq mühafizə orqanlarının və məhkəmə sisteminin təmsilçilərinə.
Viza qadağası Azərbaycan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyət göstərən nümayəndələrinə aid edilmir.
Layihəyə əsasən, humanitar mallar, kənd təsərrüfatı və tibbi ləvazimatlar istisna olmaqla Azərbaycana borcların, kredit zəmanətlərinin verilməsi, sığorta və digər analoji maliyyə yardımları dayandırılmalı, ABŞ üzv olduğu maliyyə təşkilatlarında öz imkanlarından istifadə edərək Azərbaycana humanitar məqsədlər istisna olmaqla digər maliyyə yardımlarının (o cümlədən texniki yardımlar və qrantlar) dayandırılmasını təmin etməlidir.
Müəlliflər hesab edir ki, bu akt qüvvəyə minəndən sonra ABŞ prezidenti Azərbaycan hökumətində təmsil olunan yüksək vəzifəli məmurların və onların ailə üzvlərinin, ali rəhbərliklə yaxın əlaqələri olan şəxslərin, eləcə də seçki saxtakarlığında, korrupsiyada, demokratik institutların sıradan çıxarılmasında, ölkənin demokratiyaya keçidinin qarşısının alınmasında əli olan şəxslərin aktivlərinin dondurulmasını təmin etməlidir.
Qadağalar dərman preparatları, tibbi avadanlıqlar, ərzaqdan ibarət humanitar yardımlara aid edilməməlidir.
Sanksiyaların aradan qaldırılması layihədə bu şərtlərə bağlanır:
– Siyasi, dini və ya ifadə azadlığından istifadə etdiyinə görə həbsxanaya salınmış şəxslər azad edilməlidir;
– Siyasi müxalifət, dini qruplar, müstəqil QHT-lər, gənclər təşkilatları və müstəqil mətbuata qarşı təqib və repressiyaların bütün formaları dayandırılmalıdır;
– ATƏT standartlarına uyğun olaraq azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılmalıdır.
Layihəyə əsasən, bu akt qəbul ediləndən 90 gün sonra ABŞ prezidenti sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə bağlı vəziyyəti, həmçinin aşağıdakı məsələləri əks etdirən hesabatı Konqresin müvafiq komitəsinə təqdim etməlidir:
– Azərbaycan hökumətinin ölkədə internet üzərində nəzarət və ya senzuranın tətbiqi məqsədilə başqa dövlətlərdən texniki avadanlıqlar alması, təlimlər keçməsi;
– Prezident İlham Əliyev və digər yüksək vəzifəli hökumət təmsilçilərinin şəxsi aktivləri və sərvəti.
Layihədə Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri deyəndə kimlərin nəzərdə tutulduğu da yer alır:
– Prezident, baş nazir, baş nazirin müavinləri, nazirlər, dövlət komitələrinin sədrləri, icra başçıları, dövlət şirkətlərinin rəhbərləri, Prezident Administrasiyasının üzvləri.
Azərbaycan hökumətinə aid olan digər şəxslər:
– Şəxsən və ya dolayısı ilə Azərbaycanda azadlıqların boğulmasında əli olan şəxslər, o cümlədən hakimlər, prokurorlar, peşə birlikləri və tədris müəssisələrinin rəhbərləri, korrupsiyaya bulaşmış digər şəxslər.
– Hakimiyyətin siyasətinin müəyyənləşdirilməsində və ya həyata keçirilməsində birbaşa və ya dolayısı ilə iştirak edən, bununla da beynəlxalq aləmin qəbul etdiyi insan haqları standartlarına qarşı çıxan şəxslər.