ABŞ-da Mərkəzi Bank funksiyası daşıyan Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,25 faizdən 0,5 faizədək artırıb (Amerikada dollar bahalaşdı). “Azadlıq” radiosuna danışan iqtisadçı ekspertlər FES-in qərarının Azərbaycana təsirini şərh ediblər.
Qubad İbadoğlu deyir ki, uçot dərəcəsinin qaldırılması dövriyyədəki pul kütləsinin azalmasını və faiz dərəcələrinin çoxalmasını stimullaşdırır: “Bu qərar dolların mövqeyinin möhkəmlənməsinə də xidmət edir”.
Ekspertin qənaətinə görə, dövlət maliyyəsi resurs gəlirlərindən asılı ölkələrin milli valyutaları dollara nisbətdə ucuzlaşacaq: “Xüsusən neftin ucuzlaşdığı indiki şəraitdə”.
Samir Əliyev düşünür ki, FES-in son addımı manata birbaşa təsir göstərməyəcək: “Amma dünya bazarında dollar bahalaşsa, manata münasibətdə də oxşar vəziyyət baş verəcək. Devalvasiya barədə danışmaq hələ tezdir. Dollar avroya nisbətdə dəyərini artırsa, Mərkəzi Bank dolları cüzi bahalaşdıracaq. Amma gələcəkdə manatın ucuzlaşma ehtimalı yüksəkdir. Dollar bir müddət möhkəmliyini saxlayacaq və manata təzyiq artacaq”.
Natiq Cəfərli qeyd edir ki, ABŞ-da dolların bahalaşması Azərbaycana təsirsiz ötüşməyəcək: “Azərbaycan Mərkəzi Bankının gözləyirdi FES bu addımı atsın, dünyada dollar bahalaşmağa başlasın, ondan sonra manatın yüngül devalvasiyasına getsin. Devalvasiyanı dünyada gedən proseslərlə əsaslandırmağa çalışacaqlar. Çox güman, Mərkəzi Bank və hökumət elə bir arqument axtarır ki, öz məsuliyyətini xaricdə baş verən proseslərin üzərinə atsın. Yəqin ki, ya bu həftə, ya da gələn həftə manatın yumşaq devalvasiyasının şahidi olacağıq”.
Ekspertin fikrincə, budəfəki devalvasiya fevral ayındakı qədər kəskin olmayacaq: “Mərkəzi Bank və hökumət də anlayıb ki, Azərbaycan iqtisadiyyatı buna hazır deyil. Əslində, iqtisadiyyat hələ də birinci devalvasiyanı həzm edə bilməyib. Bank sektorunda vəziyyət çox ağırdır, pərakəndə satış çöküb, ticarət dövriyyəsi azalıb”.
Natiq Cəfərli deyir ki, hökumət boş yerə üzən məzənnə formulunu ortaya atmayıb: “Onu iqtisadi kateqoriya kimi insanların beyinlərinə yeritməyə çalışırlar. Amma manatın məzənnəsi yenə inzibati qaydada təyin olunacaq, çünki Azərbaycanda üzən məzənnəyə keçmək üçün iqtisadi institutlar, infrastruktur yoxdur. Bu, mümkünsüzdür. Sadəcə, manatın məzənnəsi inzibati qaydada və yumşaq şəkildə dəyişəcək və milli valyutanın mərhələ-mərhələ dəyərdən düşməsinə qərar verəcəklər”.
Bu il fevralın 21-dək 1 ABŞ dolları təxminən 78 qəpik olub. Mərkəzi Bankın 21 fevral qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Dekabrın 17-də Mərkəzi Bank dollara 1,0499 manat qiymət qoyub.
Поделиться “Dolların bahalaşması Azərbaycana necə təsir edəcək?”