Binəqədi Rayon Polis İdarəsinin saxladığı məşhur futbolçu Maşallah Əhmədov həbs edilib. APA-nın məlumatına görə, Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Maşallah Əhmədov Bakı İstintaq Təcridxanasında saxlanır.
Məşhur futbolçu dələduzluqda ittiham olunur. Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus sexdən Maşallah Əhmədovun 72 min manat dəyərində üzlük plitə götürüb pulunu ödəmədiyini bildirib. Həmin şikayət əsasında cinayət işi başlanıb, üstündən 3 il keçməsinə baxmayaraq Maşallah Əhmədov pulu ödəməyib.
Bu il dekabrın 14-də Binəqədi polisinə Maşallah Əhmədovla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində Maşallah Əhmədovun ondan 105 min manat dəyərində mərmər daş götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. Yusif Əzizov bildirib ki, Maşallah Əhmədov ondan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb, amma vədinə əməl etməyib.
Maşallah Əhmədovla bağlı ikinci şikayət birinci şikayət əsasında başlanmış cinayət işinə əlavə edilib və hazırda istintaq tədbirləri davam etdirilir.
56 yaşlı Maşallah Əhmədov Gəncə futbol məktəbinin yetirməsidir. 1978-ci ildən 1989-cu ilədək Bakının “Neftçi” komandasında oynayıb, 250-dən çox rəsmi oyunda 60-dan çox qol vurub. 1986-cı ildə o, SSRİ-nin ən güclü 3 hücumçusundan biri seçilib. Futbolçu karyerasını bitirəndən sonra bizneslə məşğul olub.