Dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentləri İsveçrənin paytaxtı Berndə bir araya gələcəklər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məsələsinə baxılacaq.
Transparency.az/cnews bildirir ki, bu, İlham Əliyevlə Serj Sərkisyanın 2014-cü il oktyabrın 27-dən bəri ilk görüşü olacaq. Həmin gün dövlət başçıları Parisdə danışıq aparmışdılar.
2014-cü ildə prezidentlər daha iki dəfə bir masa arxasına oturmuşdular: avqustun 10-u Soçidə (Rusiya), sentyabrın 4-ü Nyuportda(Uels).
Bu üç görüşü də saymaqla son 7 ildə İlham Əliyevlə Serj Sərkisyanın 18 görüşü olub.
Əvvəlki 15 görüşün tarixi və yeri belədir: 2008-ci il iyunun 6-sı Sankt-Peterburqda (Rusiya), noyabrın 2-si Moskvada (Rusiya), 2009-cu il yanvarın 28-si Sürixdə (İsveçrə), mayın 7-si Praqada (Çexiya), iyunun 4-ü Sankt-Peterburqda, iyulun 17-18-i Moskvada, oktyabrın 8-9-u Kişinyovda (Moldova), noyabrın 22-si Münhendə (Almaniya), 2010-cu il yanvarın 25-i Soçidə, iyunun 17-si Sankt-Peterburqda, oktyabrın 27-si Həştərxanda (Rusiya), 2011-ci il martın 5-i Soçidə, iyunun 24-ü Kazanda (Rusiya), 2012-ci il yanvarın 23-ü Soçidə, 2013-cü il noyabrın 19-u Vyanada (Avstriya).
Ermənistan 22 ildən çoxdur Azərbaycanın bütün cənub-qərbini (Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını) işğal altında saxlayır. İndiyəcən aparılmış sülh danışıqları heç bir nəticə verməyib.