Transparency.az Sai.gov.az portalına istinadla xəbər verir ki, Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsindən Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, icrası ilə bağlı həyata keçirilmiş nəzarət tədbirinin nəticələri müzakirə olunub. Auditlə əhatə olunan illərdə büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən kitabxananın növbəti il üzrə maliyyə-təsərrüfat fəaliyyətini düzgün qiymətləndirmədiyini, zəruri hesablamalar aparmadığını, bunun nəticəsində bir çox xərc maddələri üzrə icra faizinin aşağı olduğunu diqqətə çatdıran auditor həmin nöqsanlar səbəbindən əhatə olunmuş dövrdə cəmi vəsaitin 3,3%-nin ilin sonunda büdcəyə qaytarıldığını, vəsaitin Vahid Büdcə Təsnifatında müəyyən olunmuş iqtisadi təsnifat kodunun dəyişdirilməsi ilə icra edildiyini diqqətə çatdırıb.
Bildirilib ki, Milli Kitabxana Fonduna daxil olan resurslardan istifadənin uçotu əhatəli aparılmayıb, 2014-cü ildə əvvəlki illə müqayisədə kitab verilişlərinin sayı 16,2% faiz azalıb, elektron resurs kimi rəqəmsallaşdırılmış nüsxələrin ümumi kitab fondunda xüsusi çəkisi aşağıdır, kitabların rəqəmsallaşdırılması işi zəif aparılır, kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında Milli Kitabxananın göstərdiyi pullu xidmətlər üzrə tariflər tənzimlənmir, kitabxana fondlarının statistik uçotunun aparılması barədə müvafiq icra statistik hesabatlar hazırlanmayıb, Milli Kitabxanada olan fiber-optik internet xətləri və server avadanlıqlarının imkanlarını nəzərə alaraq kitabxanaya məxsus saytların həmin serverlərdə yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün mövcud imkanlardan tam istifadə olunmur, “Kitabxana işi haqqında” qanunun tələblərinə əməl olunmaması səbəbindən kitabxananın fonduna, habelə kitab mübadiləsi üçün zəruri sayda kitabların, qəzet və jurnalların alınması müxtəlif kitab evlərindən və müəssisələrdən büdcə vəsaiti hesabına həyata keçirilir.
Auditor əməyin və ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı bir sıra nöqsanlara yol verildiyini, həmçinin əsas vəsaitlərin 10 rayon mədəniyyət və turizm şöbəsinə verilməsi zamanı zəruri razılığın alınmadığını bildirib, tədbirlərin keçirilməsi zamanı müvafiq normalara əməl edilməməsi səbəbindən artıq vəsait sərf edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, malların (işlərin və xidmətlərin) satın alınması zamanı inventar və avadanlıqların baha alınması, eləcə də bir neçə halda təmin olunmamış inventar və avadanlıqlara görə vəsaitin ödənilməsi hallarına yol verilib, satınalma proseduru keçirilmədən vəsait xərc edilib.
Nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul olunub.