Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması Azərbaycan hökumətinin strukturuna təsir edib. Transparency.az bildirir ki, yenilik Nazirlər Kabinetində qurumların sayını 38-ə çatdırıb.
Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin bazasında yaradılıb. Hər iki qurum dekabrın 15-də Nazirlər Kabinetinin strukturuna daxil edilib. Bununla hökumətdə nazirliklərin sayı 20-dən 19-a düşüb, dövlət xidmətlərinin sayı isə 2-dən 4-ə qalxıb.
Dəyişikliklərdən sonra baş naziri və onun müavinlərini də nəzərə alanda Nazirlər Kabineti 44 nəfərlikdir. Hazırda Nazirlər Kabinetində 42 nəfər təmsil olunur. Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru və rabitə və yüksək texnologiyalar naziri postları boşdur.
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru postu 2013-cü ilin dekabr ayından vakantdır. O vaxtdan direktorun səlahiyyətlərini müavin Hacıağa Əliyev həyata keçirir.
Bu il noyabrın 12-də isə Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən çıxarılıb. Noyabrın 25-də prezident İlham Əliyev sərəncam imzalayaraq Ramin Quluzadəni rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edib. Sədrin səlahiyyətlərinin icrası ona tapşırılıb.
Hökumətin yeni strukturu:
Xarici İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi
Müdafiə Nazirliyi
Müdafiə Sənayesi Nazirliyi
Ədliyyə Nazirliyi
Maliyyə Nazirliyi
Vergilər Nazirliyi
İqtisadiyyat və Sənaye Nazirliyi
Energetika Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Mədəniyyət və Turizm Nazirliyi
Təhsil Nazirliyi
Səhiyyə Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Gənclər və İdman Nazirliyi
Nəqliyyat Nazirliyi
Fövqəladə Hallar Nazirliyi
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Dövlət Gömrük Komitəsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Dövlət Statistika Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Diasporla İş üzrə Dövlət Komitəsi
Əmlak Məsələləri Dövlət Komitəsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Dövlət Dəniz Administrasiyası
Dövlət Mülki Aviasiya Administrasiyası
Dövlət Təhlükəsizliyi Xidməti
Xarici Kəşfiyyat Xidməti
Dövlət Miqrasiya Xidməti
Dövlət Sərhəd Xidməti
Milli Arxiv İdarəsi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Dövlət Sosial Müdafiə Fondu.