Hesablama Palatasının kollegiya iclasında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələrinə baxılıb. Transparency.az bildirir ki, dekabrın 15-də yayılan rəsmi məlumata görə, yoxlama qrupunun rəhbərinin məruzəsindən sonra fəaliyyət istiqaməti üzrə auditor müəyyən edilmiş nəticələr və təqdim edilmiş tövsiyələrlə bağlı məlumatı diqqətə çatdırıb. O bildirib ki, “Azərenerji” ASC dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib etməyib: “Birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi təmin olunmayıb, tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması və həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından ekspertizadan keçirilməsi təmin edilməyib, müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyib”.
Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını, layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini, işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən birbaşa müqavilələrin bağlandığını bildirib. O, bir neçə obyektin başa çatdırılmasına baxmayaraq dövlət qəbul komissiyasında istismara qəbul olunmadığını, amma həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyini vurğulayıb.
Rəydə nöqsanları aradan qaldırmaq üçün tövsiyələr yer alır. Qeyd olunur ki, ASC obyektlərin layihə-smeta sənədlərini podratçı təşkilatların hazırlaması, eləcə də işlər yerinə yetirilmədən uzun müddətə podratçı təşkilatlarda büdcə vəsaitlərini debitor borc kimi saxlamaqla həmin təşkilat üçün əlavə dövriyyə vəsaitinin yaradılması hallarına yol verilməməsi sahəsində nəzarəti gücləndirməlidir.
Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarı səsə qoyularaq qəbul edilib.