Novator.az-a verilən rəsmi məlumata görə, dekabrın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı” adlı tədbir keçirib. Tədbirdə bildirilib ki, son 12 ildə ölkə əhalisinin sayı 16 faiz artaraq 2015-ci il sentyabrın 1-nə 9 milyon 666 min nəfər olub. Təbii artım əmsalı 1,3 təşkil edib. Hər 1000 nəfərə düşən doğum səviyyəsi 14 nəfərdən 18 nəfərədək artıb, hər 1000 nəfərə düşən ölüm səviyyəsi isə 6 nəfərdən 5,9 nəfərədək azalıb. Əhalinin 49,8 faizi kişilər, 50,2 faizi qadınlardan ibarətdir.
Tədbirdə çıxış edən nazir müavini İdris İsayev qeyd edib ki, ölkədə diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: “Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Doğulan uşaqların cins nisbəti (hər 100 qıza düşən oğlanların sayı) bioloji normaya uyğun olaraq 105-106 olub. 2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına əsasən, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan düşür və 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır.
1989-cu ildə hər 1000 kişiyə 1051 qadın, 1999-cu ildə 1048 qadın, 2009-cu ildə isə 1021 qadın düşüb. Bu gün hər 1000 kişiyə düşən qadınların sayı 1013-dür. Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər, bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə ölkə üçün fəaliyyət planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir”.
Məlumat verilib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin, Dövlət Statistika Komitəsinin, Səhiyyə Nazirliyinin təmsilçiləri, alimlər iştirak edib.