Prezident İlham Əliyev dekabrın 14-də sərəncam imzalayaraq Orxan Sedyar oğlu Sultanovu Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edib.
Transparency.az-ın məlumatına görə, digər sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi postuna təyinat alıb.
Oktyabrın 17-də prezident İlham Əliyev general-polkovnik Eldar Mahmudovu milli təhlükəsizlik naziri vəzifəsindən azad edib. Oktyabrın 20-də o, general-leytenant Mədət Quliyevi milli təhlükəsizlik nazirinin birinci müavini postuna gətirib.
Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
1983-cü ildən daxili işlər orqanlarında xidmət edən Mədət Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, Baş Mühafizə İdarəsinin rəisi, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifələrində çalışıb.
2011-ci ildən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi olub.
Mədət Quliyev 1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı alıb.
Noyabrın 25-də Baş Prokurorluğun mətbuat xidməti Milli Təhlükəsizlik Nazirliyində ayrı-ayrı vəzifələri tutmuş şəxslər barəsində başlanan cinayət işinin istintaqı ilə bağlı məlumat yayıb. Xəbərə görə, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur. Qeyd olunan faktlar üzrə 21 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.