Tanınmış jurnalist Mehman Cavadoğlunun 60 yaşı tamam olub. 1955-ci il dekabrın 11-i İsmayıllıda doğulan olan Mehman Cavadoğlu 1977-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Sovet kəndi”, “Ədalət”, “Müxalifət” qəzetlərində məsul vəzifələrdə çalışıb. 1992-ci ildə “Azərbaycan” qəzetini rəsmi dövlət qəzeti kimi bərpa edərək onun ilk baş redaktoru olub. 1990-cı illərin ortalarında “Rezonans” qəzetinə baş redaktorluq, “İntibah” qəzetinə təsisçilik edib. 1992-ci ildən Müsavat Partiyasının liderlərindən olub, uzun illər başqanın mətbuat və informasiya məsələləri üzrə müavini postunu tutub.
Novator.az yubilyara bir neçə sual ünvanlayıb.
– Yubileyi necə qeyd etdiniz, Mehman bəy?
– Ömrümün sıradan keçən ən adi günlərindən biri kimi. Ancaq təbii ki, ətrafdakı hər şeydən bir az nostalji qoxusu gəlirdi.
– Bir vaxtların populyar mahnısında “Yaşın nə fərqi var” deyilirdi. Bu deyimin qarşısına bir sual işarəsi qoyası olsaq, nə cavab verərdiniz: yaşın nə fərqi var?
– Yaşın fərqi olmasaydı, o zaman bundan ötrü belə şövqlə oxunan bir mahnı qoşmağa nə ehtiyac vardı?
– 60 yaşı mərhələlərə bölmək lazım gəlsə, neçə yerə bölərdiniz, necə bölərdiniz?
– İnsan ömrü min illər bundan əvvəl onun həm fizioloji, həm də sosial-psixoloji tip olaraq formalaşması dövrlərini əhatə eləyən müxtəlif mərhələlərə bölünüb. Hamımıza yaxşı məlum olan bu bölgüyə təzə nəsə əlavə eləmək çətindir. Amma bir şeyi deyə bilərəm ki, ömrün bir-birini əvəz edən ayrı-ayrı mərhələləri bəzən nə qədər fərqli olsa da bir cəhətinə görə tam oxşardır: insan həyatın hansı məqamında olmasından asılı olmayaraq ağlı kəsəndən mövcud durumundan, hazırkı vəziyyətindən, yaşadığı anlardan narazı olur. Onu nostalji və ümid hissləri yaşadır. Keçmişə nostalji hissləri ruhuna dinclik gətirir, gələcəyə ümid hisslərisə həyata daha sıx bağlayır.
– Fəal jurnalistikadan kənardasınız. Necə görünür kənardan bizim media?
– Jurnalistikanın birinci funksiyası xəbərdir, o da yoxdur. Sovet vaxtı Azərbaycanda hər hansı bədbəxt hadisə, hətta təbii fəlakət, məsələn, sel, daşqın, zəlzələ olanda bu barədə əvvəlcə “Pravda” qəzeti, bir gün sonrasa ona istinadla bizim yerli mətbuat yazırdı. İndi də neft platformasında insanların ölməyini, itkin düşməyini “Röyter”ə istinadən yazırıq. Bugünkü jurnalistikamızın yaxşı tərəfləri də var və həmin yaxşı tərəflər daha çox ayrı-ayrı istedadlı yazarların çiynində duruş tutub.
– Hazırda nə işlə məşğulsunuz, günləriniz necə keçir?
– Tərcüməylə məşğul oluram, arada da özümçün cızma-qara eləyirəm.
– Səhv eləmiriksə, Sizin dövlət təltifiniz, fəxri adınız yoxdur. Orden-medala, fəxri ada münasibətiniz necədir?
– Əsas təltiflər yox, meyarlardır. Obyektiv meyarlara əsaslanan istənilən təltiflərə münasibətim normaldır.