Ölkənin müstəqil teatrı olan Oda fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bunu Novator.az-a teatrın rəhbəri Elmin Bədəlov deyib.
Elmin Bədəlovun sözlərinə görə, maliyyə çətinliyi üzündən teatr fəaliyyətini davam etdirə bilmir: “Qərara gəldik ki, Oda Teatrının mütəmadi fəaliyyətini donduraq. Bu, teatrın tamamilə bağlanmağı deyil. Sadəcə fəaliyyəti dondururuq. Maliyyə çətinliyindən çıxış yolları axtaracağıq. Problem həll olunduqda teatrın fəaliyyətini bərpa edəcəyik”.
Teatr rəhbərinin sözlərinə görə, onların repertuarında 10-dan çox tamaşa var: “Həmin tamaşaların nümayişi avtomatik olaraq saxlanılır. Söhbət mütəmadi fəaliyyətdən gedir. Biz hər həftə tamaşa oynayırdıq. Maliyyə çətinliyi üzündən bu imkanlarımız məhdudlaşdı. Lakin dekabrın 13-ü saat 19:00-a təyin etdiyimiz tamaşanın nümayişini dayandırmamışıq. Bazar günü həmin tamaşanı oynayırıq və bununla da Oda Teatrının fəaliyyəti bilinməyən müddətə qədər dondurulur”.
Elmin Bədəlov bildirib ki, Oda Teatrının fəaliyyəti dondurulsa da, yeni yaranmış art-anderqraund ADO Teatrı fəaliyyətini davam etdirir: “ADO-nun artıq ikinci tamaşası da hazır olmaq üzrədir”.
Oda Teatrı 2013-cü il iyulun 15-də yaranıb.