Pekin səfərində olan prezident İlham Əliyev dekabrın 10-da Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Keçyanla bir araya gəlib.
Baş nazir Çin şirkətlərinin Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib. O, ölkəsinin Azərbaycanın təbii sərvətlərinin işlənməsində, neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəyini diqqətə çatdırıb.
Li Keçyan humanitar sferada, təhsil, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib.
Azərbaycanın Çinlə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyən İlham Əliyev iqtisadi sahədə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulayıb, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib.
Dövlət başçısı Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev Çin Xalq Respublikası sədrinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycanda dəstəkləndiyini diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini deyib, Çin mallarının ölkədən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında əlverişli coğrafi mövqeyinin, infrastruktur imkanlarının olduğunu bildirib. Prezident qeyd edib ki, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər: “Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır”.