Leyla və Arif Yunuslara irəli sürülmüş dövlətə xəyanət ittihamı üzrə icraat dayandırılıb. Vəkil Elçin Sadıqov Transparency.az-a belə deyib.
Leyla və Arif Yunuslar ötən ilin yayında tutulmuşdular. O vaxt onlar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunurdular. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirildi, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verildi. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi maliyyə cinayətlərində təqsirli sayaraq Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum etdi.
Arif Yunus səhhətinə görə noyabrın 12-də həbsdən buraxıldı.
Dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verdi. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsdi.
Vəkil Elçin Sadıqovun dediyinə görə, digər ittiham – dövlətə xəyanət ittihamı üzrə icraat dayandırılıb.
Maraqlıdır ki, 2014-cü il aprelin 19-da tutulan jurnalist Rauf Mirqədirov hazırda dövlətə xəyanət ittihamı ilə mühakimə olunur. İttiham aktına görə, Rauf Mirqədirov Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun xətti ilə Ermənistan xüsusi xidmət orqanlarına casusluğa cəlb olunub, bu işdə Arif Yunus da rol oynayıb.