“Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri polkovnik-leytenant Vyaçeslav Kryuçkov vəfat edib.
Fövqəladə Hallar Nazirliyinin polkovnik-leytenantın vəfatı ilə əlaqədar yaydığı məlumatda deyilir: “Məlum olduğu kimi, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Təəssüflə qeyd edək ki, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də xidmətdə olduğu zaman səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib”.
“Vixr-9” yanğınsöndürmə gəmisi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin ARDNŞ-nin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinə məxsusdur. Vyaçeslav Kryuçkov 7 il bu gəminin komandiri vəzifəsində çalışıb.
1970-ci ildə Bakıda anadan olan Vyaçeslav Kryuçkov Bakı Dənizçilik Məktəbini bitirib. 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət edib, 2008-ci ildən “Vixr-9”un komandiri olub. İki övladı var.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, xidmətdə olduğu müddətdə Vyaçeslav Kryuçkov özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanıdıb.
Allah rəhmət eləsin!