Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri imzalayıb (Qanun). Gələn il yanvarın 1-dən qüvvəyə minəcək yeniliklərdən birinə görə, sadələşdirilmiş vergi ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə isə 8% (dövriyyə həcmindən) müəyyənləşdirilir. Hazırda hər iki fəaliyyət üzrə sadələşdirilmiş vergi 4%-dir.
Transparency.az xəbər verir ki, dəyişikliklərdən biri mərc oyunları ilə bağlıdır. 2016-cı ildən idman mərc oyunlarından əldə edilən uduşlar 10% dərəcə ilə vergiyə cəlb olunacaq. Hazırda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisindən azaddır.
Başqa bir yeniliyə görə, fiziki şəxsin muzdlu işlə əlaqədar olan aylıq gəliri 2500 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun (hazırda 140 manatdır, gələn il 146 manat olacaq) 1 misli, illik gəliri 30000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad olacaq.
Hazırda fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar olan aylıq gəliri 250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 3000 manatadək olduqda isə müvafiq göstəricinin 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Gələn ildən vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları artırılır. Təqvim ili ərzində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər vergi hüquqpozmalarına birinci dəfə yol verəndə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. İkinci belə pozuntu 4000 manat, üçüncüsü 6000 manat cərimə nəzərdə tutur.
Qanun fiziki şəxslərə məxsus daşınmaz əmlakın satışından vergi tutulmasında yenilikləri də ehtiva edir (Yada düşən vergi).