Yeni Milli Məclis noyabrın 24-də fəaliyyətə başlayıb və indiyədək 3 iclas keçirib. Bəs deputat statusu ilə bir araya sığmayan vəzifə tutmuş şəxslərlə bağlı hansı addımlar atılır? Transparency.az bu məsələyə nəzər salıb.
Konstitusiyaya görə, icra və ya məhkəmə hakimiyyətində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti çıxılmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Milli Məclisin deputatı ola bilməz.
Milli Məclisin deputatları Ağacan Abıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Səməd Seyidov Azərbaycan Dillər Universitetinin, Aqiyə Naxçıvanlı Azərbaycan Müəllimlər İnstitutunun, Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin rektoru vəzifələrindən azad edilib. Amma deputat Eldar Quliyev hələ də Azərbaycan Kooperasiya Universitetinin rektoru postunda qalır.
Deputat Elçin Quliyevin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri kimi fəaliyyətinə xitam verilib. Digər deputat Naqif Həmzəyev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini postundan çıxarılıb.
Transparency.az bildirir ki, bir neçə deputat elmi müəssisələrdə rəhbər vəzifələrini davam etdirir: İsa Həbibbəyli Milli Elmlər Akademiyasının vitse-prezidenti, Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, Rafael Hüseynov Ədəbiyyat İnstitutunun, Aytən Mustafayeva İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktorudur.
Vəzifəyə dövlət başçısının sərəncamı ilə təyin olunmuş deputatlar da öz postlarında qalırlar. Söhbət Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdan gedir.
Prezident Administrasiyasında, İqtisadiyyat və Sənaye Nazirliyində, rayon icra hakimiyyətlərində, başqa dövlət idarələrində, kommersiya, təhsil və səhiyyə qurumlarında məsul vəzifə tutmuş şəxslərdən də deputat seçilənlər var.
Deputat seçilmiş şəxs ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduğu barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.
Mərkəzi Seçki Komissiyası indiyəcən hansı deputatların deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduğu barədə müraciət etdiyini açıqlamayıb və Transparency.az-ın bu haqda suallarını cavabsız qoyub.