Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə gərginlik davam edir. Rusiyanın siyasi və hərbi hakimiyyəti geri addım atmaq istəmir. Bu arada, əvvəlcə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, daha sonra isə baş nazir Əhməd Davudoğlunun Azərbaycana səfəri Rusiyanın hakim və ekspert dairələrində diqqətlə izlənir. Kremlə yaxın eskeprtlər “Ankara Bakını Qarabağda müharibəyə başlamağa və bununla Cənubi Qafqazda Rusiya üçün gərginlik yaratmağa sövq etmək istəyir” fikrini yayırlar. Halbuki Türkiyədə hər seçkidən sonra prezidentin və ya baş nazirin xaricə ilk səfərini Azərbaycandan başlaması ənənəsi var.
Azərbaycan prezidenti İlham Əliyevin Davudoğlu ilə görüşdə “Azərbaycan hər zaman Türkiyənin yanındadır, Türkiyəni dəstəkləyib və dəstəkləyəcək” fikri o deməkdir ki, rəsmi Bakı Kremlin təzyiqləri altında Türkiyə ilə strateji əməkdaşlıqdan çəkilməyəcək.
Rusiya prezidenti Vladimir Putin Ermənistanla Türkiyə arasında yerləşdirdiyi qoşun birliklərinin və hərbi texnikanın sayını artırmaqla Türkiyəyə qarşı uzunmüddətli mübarizəyə hazırlaşır. Aydındır ki, Türkiyə bu prosesə seyrçi qalmayacaq, Ankara da Ermənistanla sərhədindəki qoşun birliklərini gücləndirəcək. Məsələn, Türkiyə Ermənistanla sərhəddə yerləşən Qars bölgəsində yeni hərbi birlik formalaşdıra bilər.
Rusiyanın Ermənistanı hərbi cəhətdən gücləndirməsi Azərbaycana da xoş olmayan mesajdır. Onsuz da rusiyalı rəsmilərin və ekspertlərin Azərbaycan əleyhinə ritorikası sərtləşib, Türkiyə ilə yanaşı Azərbaycan əleyhinə də təbliğat güclənib. Çünki bilirlər ki, Azərbaycanın Türkiyəni, Türkiyənin isə Azərbaycanı dəstəkləməkdən başqa alternativi yoxdur.
Rusiyanın Ermənistanla hərbi əlaqəni gücləndirməsi Azərbaycanı Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirməyə məcbur edir. Əgər müəyyənləşsə ki, Rusiya Ermənistandan Dağlıq Qarabağa silah-sursat göndərir, orada hərbi varlığını artırır və ya Xankəndindəki hava limanından istifadə etmək istəyir, rəsmi Bakı Türkiyənin Azərbaycanda hərbi varlığını gündəmə gətirə bilər. Bölgədə elə bir vəziyyət yarana bilər ki, Rusiya-Ermənistan ittifaqının addımları rəsmi Bakını Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsi istiqamətində danışıqlara başlamağa məcbur edə bilər. Belə bir hərbi baza Naxçıvanda da yaradıla bilər.
Beləliklə, Rusiya-Türkiyə gərginliyi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllini qeyri-müəyyən müddətə təxirə saldı. Rusiya ilə Türkiyə arasında münasibətlərin sıx olduğu dönəmdə belə fikirlər var idi ki, bu tandem Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər. İndi isə bu, praktik baxımdan mümkün deyil.
Rusiya Türkiyənin bölgədə strateji müttəfiqi olan Azərbaycana görə, daha doğrusu, Azərbaycanın xeyrinə görə Ermənistana təsir etməyə cəhd göstərməyəcək. Əksinə, bundan sonra cəbhə bölgəsində Azərbaycan ordusunun atəşkəsi pozan ermənilərə verdiyi cavablara Rusiya əsəbi reaksiya sərgiləyəcək.
Rusiyanın Türkiyəyə qarşı sərt addımları Azərbaycanla yanaşı Rusiyaya dost və müttəfiq olan türkdilli dövlətlərdə – Qazaxıstan və Qırğızıstanda da narahatlıq yaradır. Qazaxıstan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın hərbi müttəfiqləri olsalar da, Türkiyə ilə sıx əlaqələrdən qopmayacaqlar. Hətta Rusiyanın digər müttəfiqi Belarus da Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda Kremlə dəstək vermir, Belarus prezidenti Aleksandr Lukaşenko “Putin düz edir” ifadəsi işlətmir.
Rusiya hakimiyyəti Türkiyəyə daxildə problem yaratmaq istəsə, məsələn, PKK-ya silah və raketlər versə, bunun bumeranq effekti olacaq. Rusiyada 20 milyon müsəlman yaşayır, bunların bir neçə milyonu türk mənşəlidir. Onlar da Rusiyanın Türkiyəyə qarşı elan etdiyi diplomatik müharibəyə narahatlıqla yanaşırlar.
Bu arada, Ankara Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətini genişləndirməlidir. Əhməd Davudoğlu Bakıda dedi ki, Azərbaycan Türkiyə üçün Mərkəzi Asiyaya açılan pəncərədir. Demək, bu pəncərədən istifadə etmək lazımdır. Əlbəttə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Rusiya əleyhinə istifadə etmək olmaz. Ancaq Ankara türkdilli dövlətlərlə iqtisadi, ticarət və enerji əməkdaşlığının inkişafı layihələrini reallaşdırmalıdır.
Əlbəttə, Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsində maraqlı deyil. Buna baxmayaraq, vəziyyətin belə olmasında Azərbaycanın iqtisadi maraqları da var:
1) Türkiyənin yük maşınlarının Rusiyadan deyil, Azərbaycan və Xəzər üzərindən Mərkəzi Asiya ölkələrinə daşınması Azərbaycanın tranzit ölkə statusunu və az da olsa maliyyə gəlirlərini artırır;
2) “Türk axını” layihəsinin qeyri-müəyyən müddətə dondurulması Türkiyənin və Avropa Birliyinin Azərbaycan qazına və TANAP layihəsinə marağını artırır. Davudoğlunun Bakıda dediyi “TANAP boru xəttini planlaşdırılan 2018-ci ildən də əvvəl inşa etməliyik” sözləri də bundan xəbər verir;
3) Türkiyə bundan sonra Bakı-Tiflis-Qars dəmir yolunun tikintisini sürətləndirmək məcburiyyətindədir. Bu arada, Türkiyə və Azərbaycan Çinlə yük daşımaları mövzusunda danışıqları genişləndirəcək.
“Atlas” Araşdırmalar Mərkəzi