Xəzərdə – Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində itkin düşən 29 nəfərin axtarışı davam edir. Dekabrın 6-da açıqlanan son məlumata görə, yanğının tam söndürülməsi üçün platformaya əlavə qüvvələr cəlb olunub.
Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğunun birgə məlumatında qeyd olunur ki, dekabrın 4-ü saat 17:40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayığı aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanıb. Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən xilasedici gəmilərin heç biri özülə yan ala bilməyib. Təqribən 22:45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsilə işçilərdən 3 nəfərin və 1 meyitin dənizdən çıxarılması mümkün olub. Dekabrın 5-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ikinci qayıqdan 26 nəfəri, özüldən 3 nəfəri xilas ediblər.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə işi başlanıb, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Qəza ilə əlaqədar prezidentin sərəncamı ilə dövlət komissiyası yaradılıb. Komissiyanın rəhbəri baş nazir Artur Rasizadədir.
Dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.