Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov dekabrın 7-də mətbuat konfransı keçirib. O deyib ki, Xəzərdəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində itkin düşən 29 nəfərin axtarışı davam edir.
Dekabrın 4-ü saat 17:40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəməri zədələnib və şiddətli yanğın baş verib. Yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayığı aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanıb. Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən xilasedici gəmilərin heç biri özülə yan ala bilməyib. Təqribən 22:45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsilə işçilərdən 3 nəfərin və 1 meyitin dənizdən çıxarılması mümkün olub. Dekabrın 5-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ikinci qayıqdakı və özüldəki adamları xilas ediblər.
Balamirzə Ağarəhimovun sözlərinə görə, hazırda əsas iki istiqamətdə işlər tam sürətlə aparılır: “Xilasetmə işləri ilə əlaqədar axtarışlar gəmilərlə bütün gecəni davam etdirilib. Gecə 7 gəmi 10 nömrəli platformanın söndürülməsi istiqamətində iş aparıb. Bu gün səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin (FHN) və digər qurumların vertolyotları axtarışlara başlayıblar. Bugünkü hava şəraiti işlərin gəmilər və helikopterlərlə aparılmasına imkan verir. Təəssüflər olsun ki, itkin düşmüş işçilərin tapılması mümkün olmayıb”.
AZƏRTAC-ın məlumatına əsasən, “Azneft” İstehsalat Birliyinin rəsmisi deyib ki, səhər saatlarından geofizika gəmisi ilə “Neft daşları”nda 3 nəfərin axtarışı ilə əlaqədar 501 nömrəli platformanın suyun altında olan hissəsində axtarışlara başlanıb, bu sahədə də FHN-in helikopterləri axtarışları davam etdirir.
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 4-də “Neft daşları”nın 501 nömrəli özülündə baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Dekabrın 4-də 501 nömrəli özüldə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. İtkin düşənlər hələlik tapılmayıb.