Bu il dekabrın 6-da Azərbaycanda elan olunan matəm dövlət müstəqilliyi bərpa ediləndən bəri ölkədə rəsmən elan edilmiş doqquzuncu matəmdir.
Novator.az saytı Mediaforum.az-ın vaxtilə yaydığı arayışa istinadla bildirir ki, ilk matəm 1991-ci il noyabrın 20-də Azərbaycanın dövlət və hökumət adamlarını daşıyan vertolyotun Dağlıq Qarabağ ərazisində vurulması ilə bağlı elan edilib. Həmin hadisədə Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, dövlət müşaviri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, prezidentin mətbuat katibi Osman Mirzəyev, dövlət-hökumət xadimləri Vaqif Cəfərov, Vəli Məmmədov, Qurban Namazəliyev, Dağlıq Qarabağ Muxtar Vilayəti hüquq mühafizə, təhlükəsizlik orqanlarına başçılıq edən rusiyalı generallar, telejurnalist Alı Mustafayev və başqa şəxslər daxil 20-dən çox adam həlak olub.
İkinci matəm 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilən qırğınla bağlıdır. Xocalı soyqırımında erməni silahlı dəstələri və Rusiya ordusunun 366-cı alayı bir neçə saat ərzində 613 nəfəri, o cümlədən 106 qadın, 83 uşaq, 70 qocanı öldürüb.
Üçüncü matəmə 1994-cü il martın 19-da Bakı metrosunun “20 Yanvar” stansiyasında baş verən terror aktı səbəb olub. Bu terror 14 nəfərin həyatına son qoyub. İstintaq tədbirləri zamanı müəyyən edilib ki, terror aksiyasını Ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyi ilə separatçı “Sadval” hərəkatı təşkilatının üzvləri həyata keçirib.
Dördüncü matəm də yenə 1994-cü ildə və yenə Bakı metrosunda törədilən terrora görə elan edilib. Əsirlikdə olarkən Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb edərək terror aksiyası həyata keçirmək tapşırığı ilə Azərbaycana göndərdiyi Azər Salman oğlu Aslanov 1994-cü il iyulun 3-də “Gənclik” stansiyasında partlayış törədib. Hadisədə 13 nəfər həlak olub.
Beşinci matəm də Bakı metrosunda baş verən hadisə ilə bağlıdır. 1995-ci il oktyabrın 28-də metronun “Nərimanov” və “Ulduz” stansiyaları arasında, rəsmi məlumata görə, qəza baş verib. Hadisədə 300-ə qədər adam həlak olub.
Altıncı matəm 1995-ci il dekabrın 5-də Naxçıvan Muxtar Respublikasından Bakıya uçan təyyarə qəzaya uğrayarkən elan edilib. Həmin qəzada təyyarədə olan 81 sərnişindən 11 nəfəri həlak olub.
Yeddinci matəmə 2002-ci il oktyabrın 22-də Qazaxıstanın Aktau limanından Bakı istiqamətində üzən, Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Merkuri-2” bərəsinin batması səbəb olub. Bu qəza 42 nəfər həyatına son qoyub.
Səkkizinci matəm Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin vəfatı ilə bağlı olub. Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. O zaman müasir Azərbaycan tarixində ən uzunmüddətli – 7 günlük matəm elan edilib.
Doqquzuncu matəm 2015-ci il dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə bağlıdır. Qəza nəticəsində 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Bu faciə ilə əlaqədar ölkə ərazisində matəm dekabrın 6-da elan olunub. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.