Milli Məclis dekabrın 4-də “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər layihəsinə səs verib. Transparency.az-ın məlumatına görə, qanunun 21-ci maddəsi “Dini ayinlər, mərasimlər və atributlar” adı alır və onun üçüncü hissəsi yenilənir. Dəyişikliyə görə, islam dininə aid ayin və mərasimləri yalnız Azərbaycan Respublikasının vətəndaşları apara bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.
Başqa bir yeniliyə əsasən, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.
Cinayət Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, islam dininə aid ayin və mərasimləri xaricdə dini təhsil almış Azərbaycan vətəndaşının aparması iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin dini təbliğat aparmasına bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.
Həmin əməllərin təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə nəticələnəcək.