Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Andorra Knyazlığının baş naziri Antoni Marti Petitlə görüş keçirilib. Məlumat Novator.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilib.
Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə reallaşdırır.
Antoni Marti Petitlə görüşdə Andorranın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oskar Ribas Reyqi və mərkəzin baş katibi Rövşən Muradov iştirak ediblər.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, hər il Bakıda baş tutan Qlobal Forum və 2014-cü ildə təşkilatın Andorrada keçirdiyi ali səviyyəli toplantı haqda baş nazirə geniş məlumat verib. Oskar Ribas 2016-cı ilin martında keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak üçün mərkəzin həmsədrləri adından dəvət məktubunu Andorra hökumətinin rəhbərinə çatdırıb.
Antoni Marti Petit foruma dəvətlə əlaqədar təşəkkürünü bildirib və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Baş nazir bu miqyasda keçirilən toplantıların qlobal və regional problemlərin müzakirəsində əhəmiyyətini vurğulayıb. Baş nazir Andorranın bu təşəbbüsləri dəstəklədiyini qeyd edib və təşkilatla əməkdaşlığın davam etdiriləcəyini bildirib.