İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu dekabrın 3-ü Biləsuvar rayonunda işgüzar forum keçirib. Transparency.az nazirliyin rəsmi məlumatına istinadla bildirir ki, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib. Kreditlər əsasən taxılçılıq, heyvandarlıq, əkinçilik, qapı-pəncərə istehsalı və digər sahələrin inkişafına yönəldiləcək.
Forumda bildirilib ki, bu il 5100-ə yaxın sahibkara verilən 211,7 milyon manat güzəştli kredit 11600-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq. Məlumata görə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 466 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materialları istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
Son illər rayonun 1659 hektar ərazisində 22 intensiv bağçılıq və tingçilik təsərrüfatının yaradılması üçün 20,8 milyon manat güzəştli kredit verilib.