Ermənistanın paytaxtı Yerevanda bir qrup müxalifin dekabrın 1-dən keçirdiyi oturaq aksiya gecə insidentsiz ötüşüb. Transparency.az xəbər verir ki, aksiyanı “Yeni Ermənistan” birliyi keçirir. Gecəni paytaxtın Azadlıq meydanında keçirən aksiyaçılar arasında müxalifət liderləri Jirayr Sefilyan və Armen Martirosyan da olub, dekabrın 2-si səhər onları digər müxalif liderlər Raffi Ovannisyan və Qaregin Çuqaszyan əvəzləyib. Bu gün saat 18-ə böyük mitinq təyin olunub.
Konstitusiya islahatı referendumuna etiraz olaraq keçirilən 1 aksiyasında polislə kiçik toqquşmalar qeydə alınıb. Saxlananlar olub, ancaq sonra onlar buraxılıb.
Referendum dekabrın 6-da keçiriləcək. Layihə prezident-parlament respublikasından parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur.
Sənədə görə, dövlət başçısını – Ermənistan prezidentini parlament 7 il müddətinə seçəcək. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.
Konstitusiya islahatı layihəsinə əsasən, Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Silahlı Qüvvələr hökumətə tabe olacaq, müharibə vaxtı ali baş komandan vəzifəsinin icrası da baş nazirə keçəcək. Baş nazir postuna prezident parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edəcək.
Layihəyə görə, 101 yerlik parlament proporsional sistemlə formalaşacaq. Nəzərdə tutulan islahata əsasən, parlament seçkisində heç bir partiya hökumət qurmaq üçün çoxluq əldə edə bilməsə, ilk iki sırada qərarlaşan partiyalar arasında ikinci tur keçiriləcək, həmin turun qalibi əlavə mandatlar alacaq. Müxalifətin ən çox etiraz etdiyi bu müddəadır. Bəzi partiyalar hesab edir ki, parlament seçkilərində ikinci tur çoxpartiyalı sistemi çökdürə bilər.