Prezident İlham Əliyev dekabrın 1-də Naxçıvan Muxtar Respublika Xəstəxanasının açılışında iştirak edib. Məlumata görə, 8 mərtəbəli, 300 çarpayılıq xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir, 130 həkim, 467 orta və kiçik tibb işçisi çalışır.
İlham Əliyev xəstəxananın kollektivi və Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib ki, Naxçıvanda səhiyyə infrastrukturunun yaradılması prosesi başa çatıb: “Bu günə qədər diaqnostika mərkəzi tikilib istifadəyə verilib, doğum mərkəzi tikilib və bütün rayonlarda müasir xəstəxanalar fəaliyyət göstərir. Bu da son bir mərhələ idi. Respublika xəstəxanası yaxşı vəziyyətdə deyildi, çoxdan tikilmişdi, köhnəlmişdi və yeni xəstəxananın tikilməsinə böyük ehtiyac vardı”.
Prezident qeyd edib ki, hökumətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı dayanır: “İnsan sağlamlığı üçün nə lazımdırsa edirik. Son illər ərzində ölkə üzrə 500-dən çox tibb müəssisəsi tikilib və təmir edilib. Ekologiya ilə bağlı məsələlər öz həllini tapır. Naxçıvanda bu problem yoxdur. Çünki burada çox gözəl, təmiz iqlim var. Amma bəzi yerlərdə, xüsusilə Bakıda, Abşeron yarımadasında ekoloji tədbirlərin görülməsinə böyük ehtiyac vardı.
Ölkə üzrə içməli su layihələri icra edilir. Bu da insan sağlamlığı üçün çox vacib olan məsələdir. Şadam ki, Naxçıvan şəhərində də bu problem artıq öz həllini tapıb. Artıq bir müddətdir ki, sakinlər fasiləsiz olaraq təmiz içməli su alırlar. Kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində də işlər gedir. Bizim planlarımızda Naxçıvanın bütün rayon mərkəzlərində içməli su, kanalizasiya layihələri icra edilməsi də var və bu məqsədə çatacağıq”.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Naxçıvanda işlərin çox yaxşı getdiyini vurğulayıb: “Naxçıvanda infrastruktur məsələləri demək olar ki, həll olunub. Muxtar respublika əhalisinin 100 faizi uzun illər ərzində təbii qaz alır. Elektrik enerjisi ilə problem yoxdur. Şəhərlərarası yollar çəkilir, kənd yolları salınır. Yəni kompleks yanaşma bundan ibarətdir. Əlbəttə, sənaye və iqtisadi inkişaf elə olmalıdır ki, Naxçıvanın dayanıqlı inkişafı təmin edilsin. Çünki Naxçıvanın əhalisi artır, əhalinin sayı 450 min nəfərə çatıb. Əhalinin artımı, əlbəttə ki, bizi daha da gücləndirir, eyni zamanda, yeni inkişafı da şərtləndirir. Çünki artan əhali artan iş yerləri, yeni sənaye müəssisələri deməkdir”.
Prezident dünyada maliyyə-iqtisadi böhran, bəzi ölkələrdə siyasi-hərbi böhran hökm sürdüyünü, neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyünü xatırladıb: “Buna baxmayaraq Azərbaycanda quruculuq və inkişaf sürətlə gedir. Hətta böhranlı illərdə bu gözəl xəstəxanaya böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Naxçıvanın içməli su şəbəkəsinin yaradılmasına da çox böyük həcmdə həm dövlət vəsaiti ayrılıb, həm də xarici banklardan kreditlər götürülüb. Yəni biz bu siyasətdən kənarda qala bilmərik. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, biz gələn ili də uğurla başa vuracağıq, necə ki, 2015-ci il gözəl nəticələrlə başa çatır, iqtisadi artım, inflyasiyanın aşağı səviyyədə qalması. 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcək”.
Həmin gün İlham Əliyev Naxçıvan Sənaye Kompleksinin, Naxçıvan Günəş Elektrik Stansiyasının açılışlarında, Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.