Şöbə müdiri “Vətəndaşların müraciətləri haqqında” qanunu şərh edib
Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2015-ci il noyabrın 12-də imzalanmış “Vətəndaşların müraciətləri haqqında” qanunu AZƏRTAC-a şərh edib. Transparency.az-ın məlumatına görə, şöbə müdiri qeyd edir ki, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 1997-ci il qanunu 18 il bu sahədə əsas normativ hüquqi akt sayılıb və vətəndaşların müraciət etmək hüququna dair məsələləri tənzimləyib: “Əvvəlki qanun cəmi 13 maddə və 51 hissədən ibarət idisə, yeni qanun 17 maddə, 112 bənd və yarımbənddən ibarətdir. Müqayisə göstərir ki, bu qanuna əvvəlki redaksiyada olmayan bir sıra yeni maddələr, bəndlər və yarımbəndlər əlavə edilib. Yeni qanunda cəmiyyətin bütün strukturlarında, o cümlədən dövlət və bələdiyyə orqanlarında və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında, bir sözlə, müraciətə baxan subyektlərdə vətəndaşların müraciətlərinə baxılması prinsipləri və şərtləri, formaları, müddətləri və digər xüsusiyyətləri öz əksini tapıb.
Yeni qanunda əvvəllər hissə, yaxud bənd kimi verilən hər bir müddəa konkret və ardıcıl nömrələnmiş maddə kimi müəyyən edilərək daha dəqiq ifadə olunub, konstitusiyanın 57-ci və 94-cü maddələrinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnu əks etdirən bütün tələblər təsbit edilib. Bu hüquqların təsbit olunduğu 1-ci maddədə göstərilir ki, vətəndaşlar şəxsən və ya nümayəndəsi vasitəsilə, yazılı və şifahi şəkildə, sərbəst və könüllü surətdə, digər şəxslərin hüquqlarını pozmadan müraciət edə bilərlər və onların bu hüququ irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə və digər səbəblərə görə məhdudlaşdırıla bilməz.
Bundan sonra bu sahədə qanunvericiliyin nədən ibarət olduğu, həmçinin əsas anlayışlar müəyyən edilir. Qanunun “Əsas anlayışlar” adlı 3-cü maddəsində əvvəl cəmi üç anlayışın – təklif, ərizə və şikayətin izahatı var idisə, indi həmin anlayışlara bir sıra əlavələr edilib. Bu anlayışların sayı 15-ə çatıb və buna da təklif, ərizə və şikayət anlayışlarından savayı müraciət edən şəxs, müraciət, müraciətə baxan subyekt, müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi, müraciətə baxan subyektin vəzifəli şəxsi, şifahi müraciət, telefon müraciət xidməti, yazılı müraciət, elektron müraciət, kollektiv müraciət, təkrar müraciət, anonim müraciət kimi anlayışlar müəyyən edilərək onların tərifi verilib.
Qanunun yeni cəhətlərindən biri kimi “Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri” adlı 4-cü maddənin əlavə edilməsini göstərmək olar. Bu prinsiplər ilk növbədə qanunçuluğa riayət edilməsi, vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılması, müraciətlərə dair vahid tələblərin müəyyən edilməsi, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, bu işdə ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi və vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılmasıdır.
“Qanunun tətbiq dairəsi” adlandırılan 5-ci maddədə konkret müəyyən edilib və göstərilib ki, ölkənin konstitusiya qanunlarında, onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, digər qanunlarda başqa qayda müəyyən edilməyibsə, bu qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Bu maddədə konkret olaraq qanunun şamil edilmədiyi sahələr və həmin sahələrin hansı qanunvericilik aktları ilə tənzimlənməsi öz əksini tapıb.
Qanuna yeni daxil edilmiş mühüm maddələrdən biri də “Vətəndaşların müraciətlərinə dair tələblər” adlı 6-cı maddədir ki, bu maddədə müraciətlərin forması, yazılı müraciətlərdə göstərilməli əsas məlumatlar, bu məlumatlar olmadıqda, yaxud düzgün göstərilmədikdə onların anonim hesab edilməsi, elektron müraciətin verilmə qaydası və ona dair tələblər, rekvizitlərinin nədən ibarət olduğu dəqiq müəyyənləşdirilib. Vətəndaşlar bilməlidirlər ki, qanunun 6.9-cu maddəsində göstərildiyi kimi, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.
Yeni qanunda vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası 7-ci maddədə öz əksini tapıb. Bu maddədə birmənalı olaraq göstərilir ki, müraciətlərə baxan subyektlər və onların vəzifəli şəxsləri müvafiq qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyatdan keçirməli, şəxs tələb etdikdə müraciəti haqqında məlumatları ona verməlidirlər. Burada müəyyən olunur ki, müraciət yalnız şəxsə əsaslandırılmış cavab verildikdə baxılmış hesab olunur və müraciətə dövlət dilində cavab verilir. Eyni zamanda cavab məktubunun hansı tələblərə cavab verməli olduğu, vətəndaşa müraciəti ilə əlaqədar lazımi izahatın verilməsi, cavablandırılmasının mümkünsüzlüyü halları və sair məsələlər öz əksini tapıb.
Qanunun “Müraciətin baxılmamış saxlanması” maddəsində həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ də konkretləşdirilib. 8.1.4-cü maddədə müəyyən olunur ki, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Lakin 8.2-ci maddədə göstərildiyi kimi, bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir.
Qanunun diqqəti cəlb edən əsas maddələrindən biri müraciətlərə baxılma müddətinin daha dəqiq göstərilməsidir. 9-cu maddədə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlər üzrə xidməti araşdırmanın 20 iş günü müddətində başa çatdırılmalı olduğu, əlavə məlumat tələb olunduqda isə bu müddətin dövlət orqanı rəhbəri tərəfindən 10 iş günü uzadıla bilməsi, ümumiyyətlə isə qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada, dövlət orqanları istisna olmaqla, müraciətlərə baxan digər subyektlərdə belə müraciətlərə 20 iş günü müddətində baxılmalı olduğu müəyyən edilib.
Müraciətlərə baxılma müddətləri əvvəlki qanunda olduğu kimi ən geci 15 iş günü, əlavə öyrənilməsi və yoxlanılması tələb edilən müraciətlər üçünsə 30 iş günü müəyyən edilib.
Yeni qanunun 12-ci maddəsi “Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələri” adlanır və bu maddənin əsas mahiyyəti vətəndaşların müraciətlərinə baxılması sahəsində vəzifəli şəxslərin görməli olduğu işlərin konkretləşdirilməsidir. Burada müəyyən edilir ki, vəzifəli şəxslər vətəndaşların müraciətlərinə obyektiv və vaxtında baxılmasını təmin etməli, müraciətə görə vətəndaş təqib edilməməli, onun haqqında müraciətlə bağlı olmayan məlumat toplanmamalıdır və sair. Bu maddə əvvəlki qanunun 5-ci maddəsindəki müddəalara uyğun olsa da, qanunun 12.6-cı və 12.7-ci maddələrində dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu qanuna və “Prokurorluq haqqında” qanuna uyğun olaraq baxıldığı təsbit olunur. Bu cür müraciətlər prokurorluq orqanının səlahiyyətinə aid olmadıqda onlar 5 iş günü müddətində müraciət edən şəxsə qaytarılır.
Qanunun yeni müddəalarından biri də 15-ci maddə ilə müəyyən olunur və bu maddə “Canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri” adlanır. Burada göstərilir ki, canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparılmadan izah verilməsi mümkün olduqda müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsi qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandıra bilər.
15.3-cü maddənin məzmunu da tamamilə yenidir və telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılmasının bu qanunun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirildiyini müəyyən edir.
Qanunun əsas maddələrindən biri də 16-cı maddədir və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən həmin maddədə konkret olaraq göstərilir ki, belə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məcəllələrin müvafiq maddələri bu məsuliyyətin nədən ibarət olduğunu ehtiva edir”.