Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları “Müsəlman birliyi” hərəkatının üzvlərinə dəstək verən şəhər sakini Elnur Cabbarovu tutub. Ondan 2 ədəd F-1 qumbarası və 2 ədəd kitabça (“Müsəlman birliyi”nin rəhbəri Taleh Bağırovun müraciəti) aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” üzvlərinə dəstək verən Elnur Mehdiyevin mənzilindən 2 ədəd F-1 qumbarası, 2 ədəd RQD-5 qumbarası, 3 ədəd patron darağı, 57 ədəd avtomat patronu, 18 ədəd dini ədəbiyyat və 3 ədəd kitabça (Taleh Bağırovun müraciəti) aşkarlanıb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları noyabrın 30-da İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə həbs olunmuş Möhtəbər Babayevin Nardaran hadisələrində iştirak etdiyini və “Müsəlman birliyi” üzvü olan Rövşən adlı şəxsin ona saxlamaq məqsədi ilə avtomat silah verdiyini müəyyənləşdirib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Babayevin Xankeçən kəndinin yaxınlığında gizlətdiyi 1 ədəd AKMS markalı silah, 1 ədəd patron darağı və 38 ədəd patron aşkarlanaraq götürülüb.
Paytaxtın Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” üzvlərinə dəstək verən Elgün Axundov tutulub. Onun Binəqədi qəsəbəsindəki evindən 2 ədəd F-1 qumbarası və 22 ədəd patron tapılıb.
Noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər həlak olub. Onlardan 2-si polisdir. Daha bir yaralı Nardaran sakini sonradan xəstəxanada keçinib.
Əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla 24 nəfər tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.
Dekabrın 1-i Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanıb. Daxili Qoşunların və nizami polis hissələrinin xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub. Xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.