Son vaxtlar ölkəmizdə yeni doğulan uşaqlara verilən adlar, o cümlədən dini xarakterli adlar ətrafında müxtəlif müzakirələr, mübahisələr gedir. Bunu nəzərə alaraq müsəlman türklərin istifadə etdiyi dini məzmunlu adlar haqqında kiçik bir izahat yazmağı qərara aldım.
Əsmai-ilahiyyə (ilahi adlar) əsasında qurulan adlar. “Qul” mənasına gələn “Abd” sözünə Allahın adı, ya da sifətləri əlavə edilməklə düzəldilən adlar. Məsələn: Abd+Allah =Abdullah. Bu adı qızılbaş türklər Allahqulu və ya Tanrıqulu, farslar isə Xudabəndə eləyiblər.
Sadəcə ilahi adlardan ibarət olan adlar. Məsələn: Cavad (səxavətli), Mətin (möhkəm). Bir növ üstünlük dərəcəsi ifadə edən “an” sonluqlu Sübhan (mütləq mənada hər cür nöqsandan uzaq olan) və Rəhman (hədsiz mərhəmət sahibi). Əslində yalnız Allaha aid sifətləri ifadə edən belə adların insanlara verilməsi doğru deyil. Çünki bunda insanı Allahla eyniləşdirmə cəhdi var.
İlahi adlardan istifadə edilməklə mübtəda-xəbər, ya da izafət tərkibi şəklində əmələ gətirilən adlar. Məsələn: Allahverdi, Xudayar (Allahın dostu), Tanrıverdi, Məngiverdi (Məngi, Bəngi – əski türklərdə əbədilik mənasında işlənən ilahi ad). Hibətullah (Allahın hədiyyəsi).
Mələklərin isimləri əsasında qurulan adlar. Mələk adları: İsrafil (qiyamət mələyi və ölülərin ruhlarının mühafizi), Cəbrail (vəhy mələyi; “Cibril”şəklində də tələffüz olunur), Mikayıl (təbiət hadisələrini idarə edən mələk), Səkinə (təskinlik və zəfər mələyi, ya da mələklər qrupu).
Peyğəmbər adları əsasında qurulan adlar. Qurani-Kərimdə yad edilən qədim peyğəmbərlərin adları: Adəm, Nuh, İbrahim, Musa, Üzeyir və s. Həmçinin bu peyğəmbərlərin ləqəbləri: Səfiyyullah (Allahın saf bəndəsi – Adəm), Nəciyullah (Allahın tufandan xilas etdiyi bəndə – Nuh), Xəlilullah (Allahın yaxın dostu – İbrahim), Kəlimullah (Allahın xitabı ilə şərəflənən – Musa), Ruhullah (Allahın ruhu – İsa), Məsih (çox səyahət edən, ya da məsh edilən – İsa).
Peyğəmbərimizin ad və ləqəbləri. Məsələn: Məhəmməd, Əhməd, Mustafa, Əmin (Emin), Məhəmmədəmin (Məmmədəmin) və s.
Peyğəmbərimizin tam adı Əbül Qasim Məhəmməd ibn Abdillah (Qasımın atası, Abdulla oğlu Məhəmməd) olduğu üçün peyğəmbərimiz bu şəkildə ad qoymağı müsəlmanlara qadağan edib. Dini ənənəyə görə, peyğəmbərimizin dünyəvi adı Məhəmməd, səmavi adı isə Əhməddir.
Peyğəmbərimizin adına, isim nitq hissəsindən müxtəlif sözlər əlavə etməklə meydana gətirilən adlar. Məsələn: Nur-Məhəmməd (Nurməmməd), Şir-Məhəmməd (Şirməmməd). Peyğəmbərimizin adına “ğuləm/qulam” sözünü əlavə etməklə meydana gətirilən adlar. Məsələn: Qulam-Məhəmməd, Qulam-Əhməd. Qulam – ərəbcə “ğuləm” sözündən əmələ gəlib, oğlan mənasındadır. Orta əsrlərdə qulluqçu və sıravi əsgər mənasında işlənirdi. Qulamlar adətən qul bazarında satın alınır, sonra da qabiliyyətlərinə görə ya ev qulluqçusu olur, ya da cangüdən, sıravi əsgər kimi hərbi vəzifəyə keçirilirdi. Bir çox məşhur türk müsəlman sərkərdəsi və dövlət xadimi (məsələn, Şəmsəddin Eldəniz), öz karyerasını qulam kimi başlayıb, sonra yüksəlib və azadlığa qovuşub, kübar təbəqəyə daxil olub. Dilimizdəki “qılman” (“ğılman”) sözü də “qulam” sözünün cəm şəklidir.
Osmanlı imperiyasının son dönəmində (19-cu əsr) peyğəmbərimizin adından istifadə edilərək düzəldilən ikili adlar. Məsələn: Məhəmməd Rəfiq (Məhəmmədin yoldaşı), Əhməd Nasir (Əhmədin köməkçisi) və s.
Quran surələrinin adları əsasında qurulan adlar. Qurani-Kərimin bəzi surələrinin adları. Məsələn: “Furqan” (Furqan – haqqı batildən ayıran. Quranın 25-ci surəsi. Furqan eyni zamanda Quranın tamamına da deyilir, “Kitab” kimi.), “Taha” (20-ci surənin adı), “Yasin” (36-cı surə). Son iki surə adı (“Taha”, “Yasin”) eyni zamanda peyğəmbərimizin batini (gizli, mistik) adları silsiləsinə daxil edilib.
Peyğəmbər əshabı və digər məşhur müsəlmanların ad və ləqəbləri əsasında qurulan adlar. Peyğəmbər əshabının və digər məşhur müsəlmanların ad və ləqəbləri. Siddiq (çox sədaqətli – Hz. Əbu Bəkr), Faruq və Əbu Həfs (haqqı və zülmü bir-birindən ayıran və əziz peyğəmbərimizin xanımı olan Hz. Həfsənin atası – Hz. Ömər), Heydər (şir – Hz. Əli; əsli: “Heydəri Kərrar” – kükrəyən aslan), Şahi mərdan (kişilərin şahı – Hz. Əli; daha sonra sadəcə: Mərdan), Əsədullah (Allahın şiri – Hz. Əli), Murtaza (Allahın razılığını qazanan – Hz. Əli; daha sonra: Murtuz), Zəhra (çiçək – Hz. Fatimə), Seyfullah (Allahın qılıncı – Hz. Xalid bin Vəlid), Şəhrəbanu (Hz. Zeynəlabidinin anası; xalq bunu daha sonra Şarabanı elədi). Təyyar (Hz. Əlinin ortancıl qardaşı Hz. Cəfərə peyğəmbərimizin verdiyi ləqəbdir. Türkcəsi “uçağan” deməkdir. Şəhid olduqdan sonra cənnətdə yaşıl qanadlarla pərvaz etdiyi üçün bu ada layiq görülüb).
Əhli Beyt böyüklərinin adları əsasında qurulan adlar. Türk şiə mühitində Əhli Beyt böyüklərinin adlarına “qulam”, “qul”, “kəlb” (it) və ya “verdi” sözlərini əlavə etməklə düzəldilən adlar. Məsələn: Qulam-Hüseyn, Qulam-Əli, İmam-qulu, Əli-qulu, Cəfər-qulu, Murtaza-qulu, Mühibbi Əli (Əlini sevən, daha sonra: Möhübəli və Mehbalı), Kəlbi Əli (Kəlbəli – Hz. Əlinin iti), İmam-verdi, Əli-verdi, Şah-verdi (buradakı “Şah” – Hz. Əlidir, Şah İsmayıl deyil. Çünki farsdilli sufi mühitində “şah” və “sultan” kimi sözlər, mənəvi rəhbər mənasında işlənib. Qızılbaş ədəbiyyatında da “şah” deyəndə – Şahi Vəlayət, “sultan” deyəndə Sultan əl-Övliya olan Hz. Əli nəzərdə tutulmaqdadır).
Qurana baxarkən diqqət çəkən ilk ayədən alınan sözlər əsasında düzəldilən adlar. Uşağa ad qoyarkən Qurana baxıb, nəzərə çarpan ilk ayədəki sözdən düzəldilən adlar. Məsələn: Tükəzban (“Rəhman” surəsində dəfələrlə təkrar olunan ittihamedici ayədəki bir sözdür. Əsli “tükəzziban”dır. Ad kimi işlənməsinin mənası yoxdur. Bu sözün mənası – “siz inkar edirsiniz”, ya da “yalan danışırsınız” deməkdir). Tünzalə (əsli – “tənzilə”. Tənzil – Quranın bəşəriyyətə göndərilməsi, səmadan endirilməsi mənasında bir sözdür. Qrammatik baxımdan “tənzilə” – kiçik tənzil, ya da birdəfəlik tənzil deməkdir). Raziyə (əsli – “radiyə”, razı olan deməkdir. “Fəcr” surəsinin 28-ci ayəsindən alınan sözdür).
Erkən dövrdə türkün müsəlman olduğunu ifadə etmək üçün, türk adına ərəb mənşəli adın, ya da ləqəbin əlavə edilməsiylə düzəldilən ikili, ya da üçlü adlar: Əbu-Bəkr Məhəmməd Toğrul, İsrafil Arslan, Cəlaləddin Məngübirdi, Sədəddin Köpək (Anadolu Səlcuq dövlətinin məşhur fitnəkar vəzirlərindəndir. Çox güman, o dövrdə “köpək” sözü təhqir deyil, iltifat (kompliment) mənası daşıyır, ağzı köpüklü, yəni dəli mənasında işlənirdi. “Dəli” isə daha çox cəsur, mərd mənasını verirdi.), Mahmud Qazan, Əbül-Qazi Bahadır.
İzafət tərkibi şəklində, sonuna “din”, “islam” və “dövlət” sözləri əlavə edilməklə düzəldilən adlar. Məsələn: Seyfəddin (dinin qılıncı), Kəmaləddin (dinin kamalı), Kəriməddin (dində mərhəmətli olan, yəni qəddar və fanatik olmayan), Şəmsülislam (islamın günəşi), Şərəfüddövlə (dövlətin şərəfi) və s. Müsəlman dövlətçilik ənənəsində dövlət rəisləri bu cür adları əsasən seçilmiş dövlət adamlarına ləqəb kimi verirdi. Bu, indiki dövrdə şərəf orden-medallarının verilməsi kimi bir hadisə idi. Bu cür adət din alimləri arasında da vardı. Məsələn: Sultanül-Üləma (Alimlərin sultanı – mövlanə Ruminin atasının ləqəbi).
Bir neçə islam böyüyünün adını birləşdirməklə düzəldilən adlar. Məsələn: Məhəmməd Əli, Hüseyn Əli, Əli Osman və s.
İslamla əlaqəsi olan ərəb mənşəli adların təhrif edilməklə türk mühitinə keçməsi nəticəsində düzəldilmiş adlar. Məsələn: Aliyyül-əkbər (böyük Əli) – Ələkbər, Aliyyül-əvsat (ortancıl Əli) – Əlövsət, Aliyyül-əsğar (kiçik Əli) – Ələsgər.
20-ci əsrdə Azərbaycanda məşhur şəxsiyyətlərin adından və ya ləqəbindən istifadə edilməsi. Məsələn: Xaqani, Qətibə, Nizami, Nəsimi, Füzuli, Sabir, Natəvan (əsli, çox güman ki, Natüvandır) və s.
Səlcuqlar və Atabəylər dövründə türk hökmdarlarının farsdilli mədəniyyətin təsiri ilə (“Şahnamə” və s.) qədim fars adı sayılan isimləri işlətməsi. Məsələn: Kəyumərs, Keyqubad, Keyxosrov və s. Belə adların islamla əlaqəsi olmasa da, onları bu yazıya daxil etməyi uyğun gördük, çünki bu da bizim keçmişimizdir. Bu qrupa Mənuçöhr adı da əlavə oluna bilər. Mənuçöhr adı orta əsrdə Mərkəzi Asyada ən böyük rəssam sayılan Manunun adından yaranıb, “Manu kimi gözəl”, ya da “Manunun rəsmindəkinə malik olan adam” mənasını verir.
Fərid Bağırlı