Noyabrın 26-da Daxili İşlər Nazirliyinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda 2-i polis əməkdaşı, 4 mülki şəxs həlak olub. Daha 1 mülki şəxs sonradan xəstəxanada keçinib. Ölənlərin 1-nin Gəncə, 1-nin Masallı, 3-nün isə Nardaran sakini olduğu deyilir.
Əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov və xeyli başqa şəxs tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.
Dekabr ayının 1-i qəsəbəyə Daxili Qoşunlar və nizami polis hissələri xüsusi texnikası, şəxsi heyəti yeridilib. Xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Yayılan məlumatlara görə, noyabrın 26-da ölən 3 qəsəbə sakini dekabrın 1-i Nardaran qəbiristanlığında dəfn edilib. Amma Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov sakinlərə rəsmi məlumat verilmədiyini deyir.
Natiq Kərimov dekabrın 2-də Novator.az-a deyib ki, kimlərinsə Nardaran qəbiristanlığında dəfn edildiyini eşidiblər: “Media iddia edir ki, ölənlər basdırılıb. Mənə göstərin harada, hansı qəbirin yanında? Cənazələr gecə ilə gətirilib Maştağada yuyulub, Nardaran qəbiristanlığında dəfn olunub deyirlər. Bizi isə heç kəs heç yerə çağırmayıb, heç nə bildirilməyib. Rəhmətə gedənlərdən birinin atası ilə görüşdüm. Deyir oturub gözləyirik. Kimi, harada dəfn ediblər, nə ailələrinin xəbəri var, nə də Nardaranda kimsənin.
– Rəsmi qaydada sizə hansısa məlumat verilməyib?
– Məgər bizi sayan var ki, məlumat da versin?! İcra hakimiyyəti vəziyyətdən istifadə edib meydandakı plakatları, bayraqları da yığışdırdı. Gördüm sakinlər hirslənir, hər kəsi evinə yola saldım. Günün günorta çağı xüsusi təyinatlılar, polis birləşmələri, Daxili Qoşunlar, icra nümayəndələrinin bu əməllərinin nə mənası var axı? Kiminsə başqa oyunları var, gəldiyimiz qənaət budur. Bütün baş verənlərə görə bəyanatımız olacaq.
– Qəsəbədə bu gün vəziyyət necədir?
– Bu gün İmamın qırxıdır. Məsciddə mərasim keçirilirdi, “boşaltmaq əmri verilib, mərasim keçirtmək olmaz” deyib əhalini ərazidən uzaqlaşdırdılar. Ümumiyyətlə kənddə nə baş verir, nə rejim tətbiq edilir, bilən varmı? Fövqəladə vəziyyətdir, hərbi vəziyyətdir, nədir axı?
– Evlərdə axtarış davam edirmi yenə?
– Axtarış davam edir. Buna etirazımız da yoxdur. Çünki dövlətdə sakinlərin silah saxlaması haqda məlumat var. Silah ancaq dövlət adamında olmalıdır, sıravi vətəndaşın silah gəzdirməyi qəbuledilməzdir. Amma axtarışları, tapdıqları vəkillə, dəlilli-sübutlu olmalıdır.
– Qəsəbənin kommunal problemləri nə yerdədir? İşıq verilirmi?
– Nardaranda 5 gündür işıq yoxdur. Uşaq bağçası, məktəb, poliklinika, doğum evi, xəstəxana – heç birinə işıq verilmir.