Dekabrın 1-i səhər saat 5 radələrindən hüquq mühafizə orqanları Bakının Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirib. APA-nın məlumatına görə, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb. Nardaran ətrafına xüsusi texnika cəlb olunub.
Metronun “Koroğlu” stansiyasında da təhlükəsizlik tədbirləri gücləndirilib, polis vətəndaşları ciddi şəkildə yoxlayır.
Hüquq mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənir.
Noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 6 nəfər həlak olub. Onlardan 2-si polisdir. Daha bir yaralı Nardaran sakini sonradan xəstəxanada keçinib.
Əməliyyatda “Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov və onun bir sıra tərəfdarları tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman Birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.
Fakt üzrə Baş Prokurorluqda cinayət işi başlanıb, istintaq aparılır.
Noyabrın 26-dan qəsəbənin İmam Hüseyn meydanında toplantılar keçirilib. Nardaran Ağsaqqallar Şurası noyabrın 29-da meydanın boşaldılması haqda qərar qəbul edib, sakinlər evlərinə qayıdıb, meydan bütünlüklə təmizlənib.