İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Bakının Nardaran qəsəbəsində baş verən hadisələrlə əlaqədar bu ölkənin adının hallandırılmasına etiraz olaraq bəyanat yayıb.
Bəyanatda deyilir: “Təəssüflər olsun ki, bir neçə nəfərin ölümü və yaralanması ilə nəticələnən Nardaran hadisələrinin ardından bəzi rəsmi və qeyri-rəsmi medialar, hətta millət vəkilləri birbaşa və dolayısı ilə İran İslam Respublikasını ittiham etməyə, bu ölkənin sütunlarına, xüsusilə dini müqəddəslərinə hücum etməyə başladılar. İran İslam Respublikasının səfirliyi hadisələrin ilk günündən səbir və dözüm nümayiş etdirərək buna münasibət bildirməməyə çalışdı, lakin artıq ölkəmizin ləyaqəti və qüruru hücuma məruz qaldığı üçün ictimai fikri aydınlatmaq məqsədilə aşağıdakıları diqqətinizə çatdırır:
Təəssüf ki, bəzi media orqanları və xüsusi şəxslər, özəlliklə vəhabi muzdurları Nardaran hadisələrindən sui-istifadə etməklə şiəliyi təkfirçilikdə və ifratçılıqda ittiham etməyə və özlərinin təkfirçi və terrorçu fəaliyyətlərində cinayət ortağı yaratmağa çalışırlar. Bu elə bir halda baş verir ki, tarixi faktlara əsasən əsl islam, xüsusilə də şiəlik heç vaxt təkfirçilik düşüncəsinə malik olmayıb və bu din daim məntiqli, mötədil və fitri bir din olaraq tanınıb. Təkfirçi qrupları yetişdirib onları Suriyaya göndərənlərin özləri şiəliyi təkfirçi məzhəb adlandırmaqla bütün dünya şiələrini, xüsusilə də əziz Azərbaycan xalqını təhqir edirlər. Din xadimləri, xüsusilə də şiə alimləri bu kimi təbliğatlara qarşı ehtiyatlı olmalı və şiəliyi təkfirçiliklə eyniləşdirənlərə qarşı aydın və qəti mövqe sərgiləməlidirlər.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini bir daha vurğulayaraq, Allahdan Nardaran hadisəsi nəticəsində dünyasını dəyişənlərə rəhmət və bağışlanma diləyir, onların ailələrinin qəminə şərik olduğunu bildirir və ümid edir ki, bütün dost ölkələrdə yaranan ixtilaflar dinc şəkildə, ağsaqqalların təcrübələrindən və məsləhətlərindən bəhrələnərək öz həllini tapsın və biz də dost və qardaş ölkələrdə sabitlik və əmin-amanlığın bərqərar olmasına şahid olaq”.
Səfirlik qeyd edir ki, bu, İranın Nardaran hadisələri ilə əlaqədar yeganə bəyanatıdır və bundan əvvəl İranın Azərbaycandakı səfiri və ya səfirliyin əməkdaşları bu mövzuda heç bir açıqlama verməyib.