SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri noyabrın 28-i İranda səfərdə olub, bu ölkənin neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak ediblər. Rəsmi məlumata görə, konfransda İranın neft naziri Bijən Zəngənə, İran prezidentinin hüquqi məsələlər üzrə müavini Elham Əminzadə, neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi açılış çıxışları ediblər.
Tədbirdə İranın neft-qaz yataqlarının işlənməsi proqramlarının həyata keçirilməsi və hasilatın artırılması, neft-qaz sənayesində investisiya imkanları məsələlərinə dair çıxışlar, təqdimatlar olub. İran neft sənayesinin mövcud vəziyyətini, imkanlarını və potensialını əhatə edən 50-dən artıq yeni neft-qaz layihəsinin təqdimatı keçirilib.
Rövnəq Abdullayev Bijən Zəngənə və Röknəddin Cavadi ilə görüşlər keçirib. SOCAR-ın prezidenti şirkətin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən “Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi üzrə aparılan işlər barədə məlumat verib. Görüşlər zamanı İranda həyata keçirilməsi planlaşdırılan potensial layihələr haqqında fikirlər səsləndirilib, müzakirələr aparılıb. Layihələrin həyata keçirilməsi üçün müvafiq hüquqi və kommersiya şərtlərinin vacibliyi, sərmayələrin qorunması, münbit investisiya mühitinin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. SOCAR və NİOC arasında bir sıra istiqamətlər üzrə, o cümlədən əlverişli coğrafi mövqeyi nəzərə almaqla neft-qaz həcmlərinin svap əməliyyatları, neft-qaz treydinqi məsələləri, hər iki ölkədə və üçüncü ölkələrdə kəşfiyyat və hasilat layihələri, neft-kimya layihələri üzrə mümkün əməkdaşlıq istiqamətləri geniş müzakirə edilib.