İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirləri nəzərdə tutan 28 noyabr fərmanını şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edib ki, fərmanın icrası iki ölkə arasında enerjidən turizmə, ticarətdən inşaata qədər bütün layihələrə mənfi təsir göstərəcək: “Bazara girişinə baryer yaradılacaq malların siyahısında toxuculuq malları və meyvə-tərəvəzə geniş yer ayrılması gözlənir. Rusiya Türkiyə vətəndaşları üçün vizasız rejimi də ləğv edib. Yeni qaydalara görə, Türkiyə vətəndaşları hətta viza alacağı halda Rusiyada 30 gündən çox qala bilməyəcək. Bu xüsusilə Rusiyanın inşaat bölməsində çalışan türklərin məşğulluğuna mənfi təsir göstərəcək. Rəsmi məlumata əsasən, 2015-ci ildə 67 min Türkiyə vətəndaşı Rusiyada çalışmaq izni alıb. Qeyri-rəsmi məlumatlara görə isə Rusiyada, əsasən də inşaat bölməsində, 90 min Türkiyə vətəndaşı işləyir. Ümumiyyətlə, Rusiya Türkiyə vətəndaşlarının xaricdə iş aldığı ikinci ölkədir. Bu siyahıda Türkmənistan liderlik edir, Azərbaycan isə ilk beşliyi tamamlayır.
Digər qadağa rusiyalı turistlərin Türkiyənin istirahət zonalarına gedişinin məhdudlaşdırılmasıdır. Rus turizm agentləri Türkiyə turların satışını, eyni zamanda çarter aviareyslərini dayandırıb. Türkiyə Statistika Qurumunun açıqlamalarına görə, ötən il bu ölkənin turizmdən gəliri 34,3 milyard dollar olub. Gəlirlərin 3 milyard dolları və ya 8,75 faizə qədəri rus turistlərin sayəsində formalaşıb.
Rusiyanın Türkiyəyə ziyan vurmaq istədiyi digər sahə enerji əməkdaşlığıdır. Ötən il Rusiya Türkiyənin təbii qaza olan tələbatının 54,7 faizini, İran 18,1 faizini, Azərbaycan isə 12,4 faizini təmin edib. 2014-cü ildə Türkiyə Rusiyaya təbii qaz satışına görə 16,5 milyard dollar ödəyib.
Göründüyü kimi, Rusiya və Türkiyə iqtisadi münasibətlərində başlıca önəm kəsb edən ticarət əlaqələri, enerji və inşaat bölməsidir. Rusiyanın iqtisadi münasibətləri zədələmək məqsədilə birtərəfli qərarlar qəbul etməsi beynəlxalq konvensiyalara və ticarət qaydalarına ziddir. Həm Rusiya və həm də Türkiyə Dünya Ticarət Təşkilatının, eləcə də BMT institutları UNCTAD, UNİDO, FAO-nun üzvüdürlər. Onların bu nüfuzlu beynəlxalq təşkilatlar qarşısında ticarət əlaqələrində qeyri-tarif baryerlərə, investisiya əməkdaşlığında diskriminasiyaya yol verməməklə bağlı öhdəlikləri var. Odur ki, Türkiyənin ticarət və investisiya palataları, həmçinin iş adamları Rusiyanın birtərəfli qərarlarına qarşı dövlətlərarası ticarət mübahisələrinin arbitraj yolu ilə həlli müstəvisində iddialar qaldırmalıdr. Onlar eyni zamanda BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası və Kommersiya Arbitraj İnstitutlarının Beynəlxalq Federasiyasına şikayət etməli, iki ölkə arasında imzalanmış investisiya və ticarət tərəfdaşlığına dair müqavilələr əsasında hüquqi araşdırmaya başlamalıdırlar”.
Qubad İbadoğlunun fikrincə, iqtisadiyyatı 3,8 faiz, sənayesi 4,2 faiz geriləyən, büdcəsində ümumi daxili məhsulun 2,8 faizi qədər kəsir yaranan və Qərbin sanksiyalarından, eləcə də enerji resurslarının ucuzlaşmasından əziyyət çəkən Rusiyanın eyni dövrdə 2,9 faiz iqtisadi, 8,4 faiz sənaye artımına malik olan və Qərbin dəstəyini qazanan Türkiyəyə qarşı iqtisadi müharibəsi şimalda iqtisadi və sosial böhranı dərinləşdirəcək, istehlak və əmlak qiymətlərini artıracaq: “Bütün bunlar hər iki ölkənin iqtisadiyyatı üçün yaxşı perspektiv vəd etmir. Amma mövcud şərtlər daxilində yaranacaq böhrandan Türkiyənin daha az zərərlə çıxmaq potensialı yüksəkdir. Çünki Türkiyənin açıq ticarət və liberal investisiya siyasəti bu itkiləri daha tez kompensasiya edə biləcək”.