Noyabrın 28-i Minskdə 4 Azərbaycan-Belarus sənədi imzalanıb: Azərbaycan Respublikasının prezidenti ilə Belarus Respublikası prezidentinin birgə bəyannaməsi; Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə; Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokol; Azərbaycan Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında saziş.
Sənədlərin imzalanması mərasimindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə deyib ki, son illərdə qarşılıqlı əmtəə dövriyyəsi artır: “Keçən il onun həcmi 330 milyon dollara bərabər olub. Cari ildə də qarşılıqlı ticarətin həcmi, demək olar ki, əvvəlki səviyyədə saxlanılıb. Həm də bu göstərici bizim qarşılıqlı fəaliyyətimizin mövcud potensialına dəlalət edir. Axı ölkələrimizin imkanları çox genişdir. Biz istehsal kooperasiyası və iri infrastruktur layihələrinin həyata keçirilməsi, investisiyaların cəlb edilməsi və bir sıra başqa sahələrdə əməkdaşlığın fəallaşdırılması perspektivlərini müzakirə etdik. Hər iki tərəf birgə istehsal güclərini artırmaqda, Azərbaycanda yığılan texnikanın model sırasını genişləndirməkdə, habelə Azərbaycanda yerli detallardan və dəstləşdirmə materiallarından istifadə edilməklə yeni kooperasiya istehsalatları yaradılmasında maraqlı olduğunu bildirib.
Belarus Respublikasının coğrafi mövqeyini, onun Avrasiya İqtisadi İttifaqının üzvü olmasını nəzərə alaraq hesab edirik ki, Belarusda Azərbaycan xammalının, yarımfabrikatların emalı üzrə kooperasiya istehsalatları yaradılması, sonradan üçüncü ölkələrin, o cümlədən Avropa İttifaqının bazarlarına çıxmaq perspektivli istiqamətdir. Bu və digər istiqamətlərin müfəssəl işlənməsi üçün Belarus və Azərbaycan hökumətlərinə müvafiq tapşırıqlar veriləcək”.
Prezident İlham Əliyev qeyd edib ki, iki ölkə qarşılıqlı ticarətə daha artıq diqqət yetirməlidir. Müştərək istehsalatlar yaradılmasının yaxşı tarixi olduğunu vurğulayan prezident deyib ki, iqtisadi əlaqələrin möhkəmlənməsi, biznes strukturlarının fəal qarşılıqlı əlaqəsi üçün çox möhkəm siyasi baza var.
Transparency.az bildirir ki, dövlət başçısının Belarusa səfərə zamanı nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə Aleksandr Lukaşenko Azərbaycana Avrasiya İqtisadi İttifaqına daxil olmaq çağırışı edib: “Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşı olub, indi də belədir. Biz dostluğumuzu yüksək qiymətləndiririk. Əgər bu, Sizin xeyrinizə olarsa, biz Avrasiya İqtisadi İttifaqında Sizin maraqlarınızın təmin olunmasına eyni dərəcədə səmimi və açıq kömək etməyə hazırıq”.